13 aprel 2029-cu ildə nəhəng kosmik cism olan "Apofis" (Apophis) asteroidi Yer kürəsinə tarixi dərəcədə yaxın məsafədən keçəcək. "NASA" agentliyinin məlumatına görə, bu məsafə planetimizin səthindən təxminən 32 min kilometr təşkil edəcək. Bu göstərici Aya olan orta məsafədən 12 dəfə azdır və hətta bir çox geostasionar peyklərin orbitindən də aşağıdır. Mütəxəssislər bu cür böyük ölçülü obyektin belə yaxınlaşmasını "çox nadir hadisə" kimi qiymətləndirirlər.
"Apofis" asteroidi nədir və necə kəşf edilib?
Qədim Misir xaos və qaranlıq tanrısının adını daşıyan "99942 Apofis" asteroidi 2004-cü ildə kəşf edilib. Təxminən 4,6 milyard il yaşı olan bu cism erkən Günəş sisteminin relikti hesab olunur. Onun orta diametri 375 metrə çatır. Asteroidin səthi milyardlarla il ərzində günəş küləyi və kosmik şüalar kimi amillərin təsirinə məruz qalmış ilkin kosmik materialdan ibarətdir.
Yer kürəsi üçün toqquşma təhlükəsi varmı?
Kəşf edildiyi ilk illərdə "Apofis" 2029, 2036 və ya 2068-ci illərdə Yerlə toqquşma ehtimalına görə ən təhlükəli obyektlərdən biri sayılırdı. Lakin sonrakı dəqiq müşahidələr bu narahatlıqları aradan qaldırdı. 2021-ci ildə "NASA" bu asteroidi növbəti 100 il üçün potensial təhlükəli obyektlər siyahısından tamamilə çıxardı. Astronomlar vurğulayırlar ki, 2029-cu ildəki keçid tamamilə təhlükəsiz olacaq və toqquşma riski sıfıra bərabərdir.
Bu kosmik hadisəni izləmək mümkün olacaqmı?
Asteroidin Yerə bu qədər yaxınlaşması astronomik müşahidələr üçün unikal fürsət yaradacaq. Əlverişli hava şəraitində "Apofis" Şərq yarımkürəsində, o cümlədən Avropa, Afrika və Asiyada gecə səmasında adi gözlə belə görünəcək. Yerin qravitasiya qüvvəsi asteroidin Günəş ətrafındakı orbitini bir qədər genişləndirəcək. Bu keçiddən sonra o, Apollon qrupu asteroidləri sırasına daxil olacaq.
Kosmik agentliklər hansı addımları atır?
Dünya kosmik agentlikləri bu nadir yaxınlaşmadan elmi məqsədlər üçün istifadə etməyə hazırlaşırlar. "NASA"-nın "OSIRIS-REx" zondu artıq bu asteroidə doğru istiqamət alıb. Eyni zamanda, Avropa Kosmik Agentliyi ("ESA") tərəfindən 2028-ci ildən gec olmayaraq buraxılması planlaşdırılan "RAMSES" zondu təcili olaraq hazırlanır. Həmçinin, Çinin də bu istiqamətdə öz kosmik missiyasını planlaşdırdığı istisna edilmir.






