"SpaceX" şirkətinin rəhbəri İlon Mask gələcəkdə bəşəriyyətin digər ulduz sistemlərinə çatmaq üçün antimateriya mühərriklərinin hazırlanmasına trilyonlarla dollar xərcləyə biləcəyini bəyan edib. Bu iddialı ideya NASA-nın rəhbərliyi, o cümlədən Cared Ayzekman tərəfindən də dəstəklənir. Baxmayaraq ki, bu gün antimateriyadan enerji mənbəyi kimi istifadə etmək fantastik görünür, çoxsaylı texnoloji nailiyyətlər artıq reallığa çevrilib.
Antimateriya enerjisi necə işləyir?
Fizika qanunlarına görə, hər hansı bir maddə atomlardan təşkil olunub. Antimateriya isə əks elektrik yüklərinə malik antizərrəciklərdən ibarətdir. Maddə və antimateriya toqquşduqda annihilyasiya prosesi baş verir və kütlə tamamilə enerjiyə çevrilir. Mütəxəssislərin hesablamalarına görə, bu proses müasir raket yanacaqlarının kimyəvi yanmasından təxminən 10 milyard dəfə daha çox enerji yarada bilər.
Hansı çətinliklər mövcuddur?
- İstehsalat: Müasir elm hələlik raket yanacağı üçün kifayət edəcək miqdarda antimateriya istehsal edə bilmir.
- Təhlükəsizlik: Annihilyasiya zamanı ayrılan nəhəng enerjini idarə edə biləcək mühərrik sistemləri hələ mövcud deyil.
- Saxlama: Antimateriyanın xüsusi maqnit tələlərində saxlanılması mürəkkəb və bahalı bir prosesdir.
Hazırda "Positron Dynamics" kimi şirkətlər pozitronlar əsasında mühərrik konsepsiyaları üzərində işləyirlər. Bu texnologiyalar mövcud ion mühərriklərindən min dəfə daha səmərəli ola bilər. NASA-nın bu sahəyə diqqəti və dəstəyi, gələcəkdə Mars missiyalarından kənara çıxaraq ulduzlararası səyahətlərin reallaşması üçün yeni investisiyaların cəlb edilməsinə kömək edə bilər.






