"Anthropic" şirkətinin rəhbəri Dario Amodei süni intellektin inkişafı ilə əlaqədar mühəndis peşələrinin tədricən yox olacağı barədə xəbərdarlıq edib. O, rutin kodlaşdırma proseslərinin artıq süni intellekt sistemləri tərəfindən icra edildiyini və başlanğıc səviyyəli mühəndis vəzifələrinin ilk zərbəni alacağını vurğulayıb. Lakin bu bəyanatların fonunda şirkətin illik maaşı 405 min ABŞ dollarına qədər olan 429 yeni tərtibatçı vakansiyası açması maraqlı bir ziddiyyət yaradıb.
Dario Amodei hesab edir ki, yaxın 12 ay ərzində süni intellekt faktiki olaraq bütün kodları özü yazacaq. Onun sözlərinə görə, gələcəkdə bir çox şirkətlərdə maşın kodunun payı 90 faizə çatacaq.
"Düşünürəm ki, kod yazmaq ilk olaraq yoxa çıxacaq — daha doğrusu, bu işlə ilk növbədə süni intellekt modelləri məşğul olacaq", - deyə o, son müzakirələrin birində qeyd edib.
"Anthropic" daxilində hansı dəyişikliklər baş verir?
Süni intellektin təsiri artıq "Anthropic" şirkətinin daxili iş proseslərində də hiss olunur. Bəzi mühəndis komandalarının rəhbərləri artıq özləri kod yazmır, bunun əvəzinə süni intellektin yaratdığı kodları yoxlayır və təkmilləşdirirlər. Hətta şirkət daxilində istifadə olunan alətlərdən biri əsasən maşın kodu vasitəsilə 2 həftədən az müddətə ərsəyə gətirilib. Amodei istisna etmir ki, gələcəkdə onların özlərinə də indiki ilə müqayisədə daha az tərtibatçı lazım olacaq.
Buna baxmayaraq, şirkətin karyera səhifəsində tədqiqatçı-mühəndis, "full-stack" tərtibatçı, məhsuldarlıq üzrə mühəndis və mühəndislik istiqaməti rəhbəri kimi 429 açıq vakansiya mövcuddur. Bu vəzifələr üçün təklif olunan illik əməkhaqqı 320 min ABŞ dolları ilə 405 min ABŞ dolları arasında dəyişir. Bu ziddiyyət onunla izah olunur ki, süni intellekt rutin kodlaşdırmaya ehtiyacı azaltsa da, bu sistemlərin özlərini inkişaf etdirmək üçün dərin texniki biliklərə malik mütəxəssislər tələb olunur.
Gələcəyin mühəndislərini nələr gözləyir?
Genişmiqyaslı avtomatlaşdırmaya baxmayaraq, mühəndislər hələ də mühüm rol oynamağa davam edəcəklər. Onlar məsələnin şərtlərini formalaşdırmaq, memarlıq qərarları qəbul etmək, mövcud kodla uyğunluğu təmin etmək və təhlükəsizliyə cavabdeh olmaq kimi kritik vəzifələri icra edəcəklər. Süni intellektin bu qədər inkişafı mütəxəssislərdən daha çox strateji yanaşma tələb edəcək.
Amodeinin sözlərinə görə, paralel olaraq yeni ixtisaslar da yaranacaq. Bunlardan biri texniki bacarıqları müştəri ehtiyacları ilə birləşdirən və süni intellekt həllərinin praktikada tətbiqinə kömək edən "informasiya sistemlərinin tətbiqi üzrə mütəxəssis" (forward deployed engineer) olacaq. Lakin süni intellektin gələcəkdə bu idarəetmə tapşırıqlarını da öyrənəcəyi təqdirdə nələrin baş verəcəyi hələlik açıq sual olaraq qalır.






