Süni intellekt (Sİ) sahəsində aparıcı mütəxəssislərdən biri, "OpenAI" şirkətinin həmtəsisçisi və keçmiş əməkdaşı Andrey Karpati (Andrej Karpathy) rəsmən "Anthropic" komandasına qatılıb. O, "Claude" modelinin təməl bilik və imkanlarını formalaşdıran ilkin təlim (pre-training) prosesinə rəhbərlik edəcək. İlkin təlim qabaqcıl dil modellərinin yaradılmasında ən çox resurs və vəsait tələb edən mərhələlərdən biri hesab olunur. Karpati bu sahədə tədqiqatları sürətləndirmək üçün birbaşa "Claude" modelindən istifadə edəcək xüsusi komanda formalaşdıracaq.
Andrey Karpati əvvəllər harada çalışıb?
Tədqiqatçı 2017-ci ilə qədər "OpenAI" daxilində dərin öyrənmə və kompüter görməsi texnologiyaları üzərində işləyib. Daha sonra 2022-ci ilədək "Tesla" şirkətində tam avtonom idarəetmə (FSD) və avtopilot proqramlarına rəhbərlik edib. Bir illik yenidən "OpenAI" komandasına qayıtdıqdan sonra, 2024-cü ildə təhsil sahəsində Sİ köməkçilərinin tətbiqinə yönəlmiş "Eureka Labs" startapını təsis edib. Onun bu startapdakı fəaliyyətini davam etdirib-etdirməyəcəyi hələlik məlum deyil.
Mütəxəssis yeni vəzifəsi barədə nə düşünür?
Andrey Karpati özünün "X" sosial şəbəkə hesabında yeni iş yeri barədə təəssüratlarını bölüşüb:
"Mən 'Anthropic'ə qoşuldum. Düşünürəm ki, böyük dil modellərinin (LLM) inkişafında növbəti bir neçə il xüsusilə vacib olacaq. Komandaya qatılmaqdan və yenidən tədqiqat və inkişaf etdirmə (R&D) işlərinə qayıtmaqdan çox məmnunam."
O həmçinin əlavə edib ki, təhsil sahəsinə olan marağı hələ də dərindir və gələcəkdə bu istiqamətdə fəaliyyətini bərpa etməyi planlaşdırır. Qeyd edək ki, Karpati eyni zamanda "Neyron şəbəkələri: Sıfırdan qəhrəmana" adlı onlayn kursun müəllifidir.
"Anthropic"in kibertəhlükəsizlik komandasına kim cəlb edilib?
Karpati ilə yanaşı, 20 ildən artıq təcrübəyə malik kibertəhlükəsizlik eksperti Kris Rolf (Chris Rohlf) da "Anthropic" şirkətində fəaliyyətə başlayıb. O, mürəkkəb Sİ modellərini təhlükələrə qarşı sınaqdan keçirən "Red Team" komandasına qoşulub. Rolf son altı il ərzində "Meta" şirkətində çalışıb, ondan əvvəl isə Corctaun Universitetinin Təhlükəsizlik və Yeni Texnologiyalar Mərkəzində "CyberAI" layihəsi üzrə elmi işçi olub.
Yeni təyinatı ilə bağlı danışan Kris Rolf süni intellektin təhlükəsizlik sahəsindəki potensialını vurğulayıb:
"Süni intellektin köməyi ilə kibertəhlükəsizliyi əsaslı şəkildə yaxşılaşdırmaq üçün qarşımızda real imkanlar açılır. Bu kritik məqamda qoşula biləcəyim daha yaxşı bir şirkət və ya komanda təsəvvür edə bilmirəm."






