American Airlines aviaşirkəti 500-dən çox təyyarəsində SpaceX-in Starlink Wi-Fi sistemini quraşdıracağını elan edib. Bu təyyarələr arasında yeni Airbus A321XLR və A321neo modelləri də yer alır. Starlink şirkətin mövcud provayderləri olan Viastat və SES-ə qoşularaq xidmət göstərəcək.
Starlink-ə keçid edən aviaşirkətlər sırasında United Airlines, Southwest Airlines, Lufthansa Group, British Airways, Qatar Airways, Alaska Airlines və Hawaiian Airlines kimi nəhənglər də var. Delta Air Lines isə Wi-Fi bağlantısı üçün Amazon Leo ilə razılaşma əldə edib.
Aşağı yer orbitində yerləşən peyklərə əsaslanan Starlink, geostasionar orbitdəki peyklərlə müqayisədə siqnalın qət etdiyi məsafə daha qısa olduğu üçün daha aşağı gecikmə müddəti təklif edir. Ookla-nın hesabatına görə, Starlink ilə təchiz edilmiş uçuşlarda orta yükləmə sürəti 152,37 Mbps təşkil edir.
American Airlines-ın müştəri xidmətləri üzrə direktoru Heather Garboden bildirib ki, Starlink-in əlavə edilməsi aviaşirkətin sərnişinləri uçuş zamanı əlaqədə saxlamaq sahəsindəki liderliyini möhkəmləndirir.
SpaceX-in maliyyə hesabatlarına görə, Starlink şirkətin ən gəlirli bölməsidir və illik təxminən 11 milyard dollar gəlir əldə edir. Şirkət şəbəkənin "ölü zonaları" aradan qaldırmaq və ənənəvi provayderlər üçün çətin olan yüksək enlik marşrutlarında belə yüksək performans təmin etmək üçün dizayn edildiyini qeyd edir.






