AMD şirkəti özünün EXPO yaddaş sürətləndirmə profilləri üçün yeni EXPO Ultra Low Latency (EXPO ULL) genişlənməsini hazırlayıb. Bu funksiya EXPO 1.2 yeniləməsinin bir hissəsi olaraq, DDR5 yaddaş dəstləri üçün aşağı gecikmə müddəti və avtomatik sürətləndirmə imkanları təqdim edir.
Şirkətin daxili testlərinə əsasən, Ryzen 7 9700X prosessoru ilə 30-dan çox oyunda aparılan sınaqlarda EXPO ULL texnologiyası əhəmiyyətli nəticələr nümayiş etdirib:
- Orta FPS göstəricisi JEDEC standartı ilə müqayisədə 13%, mövcud EXPO profilləri ilə müqayisədə isə 4%-dək artıb.
- Minimal FPS (1% low) göstəricisi JEDEC standartına nisbətən 15%, mövcud EXPO profillərinə nisbətən isə 4%-dək yüksəlib.
Yeni texnologiya tREFI, tRRDS, tWR kimi əlavə parametrlərin tənzimlənməsi hesabına yaddaş gecikməsini standart DDR5-6000 dəstləri ilə müqayisədə 5–7 nanosaniyə azaldır. G.Skill, Kingston Fury, Klevv, Lexar, TeamGroup, V-Color, XPG və Origin Code kimi istehsalçıların dəstəklədiyi yeni modulların iyun ayında bazara çıxarılması gözlənilir. Qeyd edək ki, funksiyanın tam işləməsi üçün ana plata istehsalçılarının müvafiq BIOS yeniləmələri tələb olunur; artıq AGESA 1.3.0.1 və 1.3.0.1b kitabxanalarında lazımi tənzimləmələr əlavə edilib.






