"Semafor" nəşrinin yaydığı məlumata görə, Ağ Evin "Anthropic" şirkətinin "Mythos" süni intellekt modelinə qarşı ixrac məhdudiyyətləri tətbiq etməsinin əsas səbəblərindən biri Çinlə bağlı qrupların bu texnologiyaya çıxış əldə etməsi ilə bağlı şübhələrdir. Əgər Çin hökuməti həqiqətən "Mythos 5" və ya "Fable 5" modellərinə daxil olubsa, bu, ABŞ üçün ciddi milli təhlükəsizlik təhdidi yaradır. Ekspertlər hesab edir ki, Çin tərəfi "distillasiya" metodu vasitəsilə daha sadə süni intellekt modellərini təkmil modelin davranışı əsasında öyrədərək, texnologiyanı tərsinə mühəndislik (reverse engineering) yolu ilə əldə etməyə cəhd göstərə bilər.
Ağ Ev hələlik bu məlumatı rəsmən təsdiqləməyib. Trampın müşaviri David Sacks sosial şəbəkədəki paylaşımında Çin amilinə toxunmayaraq, daha çox "Fable" və "Mythos" modellərinin "jailbreak" (təhlükəsizlik qıfıllarının sındırılması) edilə bilməsi məsələsinə diqqət çəkib. "Anthropic" şirkəti isə bu iddiaları təkzib edərək, hökumətlə aparılan ixrac nəzarəti müzakirələrində Çin mövzusunun gündəmə gəlmədiyini bildirib.
Bu, "Anthropic" şirkətinin ən güclü modelləri ilə bağlı ilk təhlükəsizlik insidenti deyil. Şirkət "Mythos" modelinin ictimai istifadə üçün həddindən artıq təhlükəli olduğunu bəyan etsə də, daha əvvəl bir "Discord" qrupunun modelə iki həftə ərzində qeyri-qanuni çıxış əldə etdiyi məlum olmuşdu. Şirkət sözügedən boşluğu aşkar etdikdən sonra dərhal girişi məhdudlaşdırmışdı.






