Federal prokurorlar tərəfindən irəli sürülən ittihama görə, Google əməkdaşı Mişel Spanyolu 2025-ci ildə axtarış trendləri ilə bağlı Polymarket-dəki mərc oyunlarından 1,2 milyon dollar qazanıb. Açıqlanan sənədlərdə qeyd olunur ki, Spanyolu Google-un məxfi və kommersiya baxımından dəyərli daxili məlumatlarına çıxışı olduğu üçün mərcin nəticələrini ictimaiyyətdən əvvəl bilib.
Çərşənbə günü Nyu-Yorkda həbs edilən Spanyolu 2,25 milyon dollar girov müqabilində sərbəst buraxılıb. O, əmtəə fırıldaqçılığı, elektron fırıldaqçılıq və çirkli pulların yuyulmasında ittiham olunur.
"AlphaRacoon" istifadəçi adı ilə qazanılan uğurlar
Spanyolu Polymarket-də "AlphaRacoon" istifadəçi adı ilə mərc edib. O, platformada çox aşağı ehtimal verilən hadisələri, o cümlədən D4vd adlı müğənninin 2025-ci ildə Google-da ən çox axtarılan şəxs olacağını düzgün təxmin edib. Bundan əlavə, o, Papa XIV Leon və Kendrik Lamarın Google-un "2025-ci ilin axtarışları" siyahısına düşməyəcəyinə dair mərclər edib.
İttiham aktına görə, Spanyolu qazanc əldə etdikdən sonra qeyri-qanuni yolla əldə etdiyi vəsaitlərin mənbəyini gizlətməyə çalışıb. Google rəsmisi Caklin Vaskes şirkətin bu məsələ ilə bağlı hüquq-mühafizə orqanları ilə əməkdaşlıq etdiyini və əməkdaşın məzuniyyətə göndərildiyini bildirib.
Polymarket isə öz növbəsində blokçeyn ticarətinin şəffaf olduğunu və onların infrastrukturunun bu cür qanunsuz fəaliyyətləri aşkar etdiyini bəyan edib.






