Çinin “Şençjou-21” kosmik gəmisi ilə orbitə çıxan taykonavtlar missiyalarını başa vuraraq Yerə qayıdıblar. Heyət üzvləri 29 may tarixində yerli vaxtla saat 08:11-də Daxili Monqolustan muxtar rayonundakı Dunfen meydançasına eniş ediblər.
Taykonavtlar Çan Lu, U Fey və Çan Hunçjan kosmosda 210 gün keçirərək Çinin pilotlu missiyaları üçün yeni rekorda imza atıblar. Onlar ötən il oktyabrın 31-də “Tyanqun” kosmik stansiyasına yola düşmüşdülər. Heyətin geri dönüşü “Şençjou-20” gəmisinin illüminatorunda aşkar edilən çat səbəbindən ləngimiş və Çin tərəfi “Şençjou-22” gəmisini pilotsuz şəkildə orbitə göndərməyə məcbur olmuşdu.
Missiyanın əsas məqamları:
- Taykonavtlar orbitdə olduqları müddətdə üç dəfə açıq kosmosa çıxıblar.
- Mikroqravitasiya şəraitində fundamental fizika, kosmik biologiya, aerokosmik tibb və texnologiyalar sahəsində çoxsaylı elmi təcrübələr aparılıb.
- Heyət üzvü 32 yaşlı U Fey Çin tarixində ən gənc taykonavt kimi tarixə düşüb.
Hazırda “Tyanqun” stansiyasında 24 mayda start götürən “Şençjou-23” missiyasının üzvləri – Çju Yançju, Çan Çjiyuan və Honkonqdan olan ilk qadın taykonavt Lay Kain fəaliyyət göstərir. Yeni heyətdən bir nəfərin stansiyada bir il qalması nəzərdə tutulur.






