İyunun 1-də, bazar ertəsi günü Çin, Qobi səhrasında yerləşən Cüçüan kosmodromundan yeni "Çançjen-12B" (Long March 12B) raketini orbitə buraxıb. Ölkə rəsmiləri hava məkanının bağlanması barədə əvvəlcədən heç bir məlumat verməyərək, bu buraxılışı gözlənilməz şəkildə həyata keçiriblər. Çin Aerokosmik Elm və Texnologiya Korporasiyası (CASC) missiyanın uğurla başa çatdığını və faydalı yüklərin orbitə çatdırıldığını təsdiqləyib.
"Çançjen-12B" nə üçün vacibdir?
Yeni raket texniki xüsusiyyətlərinə görə SpaceX şirkətinin "Falcon 9" raketini xatırladır. Təxminən 70 metr hündürlüyə malik bu iki pilləli daşıyıcı, "Falcon 9"-un "Merlin" mühərrikləri kimi kerosinlə işləyən doqquz mühərriklə təchiz edilib. Raketin ilk uçuşu zamanı "Qianfan" ("Min yelkən") peyk sisteminə aid iki aparat aşağı yer orbitinə uğurla yerləşdirilib.
Çinin təkrar istifadə olunan raket planları
CASC mütəxəssisləri bu ilk uçuşda raketin birinci pilləsini yerə endirməyə cəhd etməyiblər, lakin bu tapşırığın gələcək missiyalarda yerinə yetiriləcəyini bildiriblər. Çin daha əvvəl də təkrar istifadə oluna bilən raket texnologiyaları üzərində işləyib. Ötən ilin dekabrında "Çançjen-12A" raketi orbitə çıxsa da, birinci pillənin enişi uğursuzluqla nəticələnmişdi. Eyni zamanda, "Zhuque-3" və "Tianlong-3" kimi digər Çin layihələrində də təkrar istifadə cəhdləri müxtəlif texniki çətinliklərlə üzləşib.






