"Hitman" seriyasının yaradıcısı olan Danimarkanın IO Interactive studiyası tərəfindən hazırlanan 007 First Light casus döyüş oyunu rəsmi satışa çıxmamışdan əvvəl Steam platformasında istifadəçilərin ixtiyarına verilib. İlkin giriş hüququna malik olan oyunçular layihəni yüksək qiymətləndiriblər.
Oyunun qiyməti 70 dollar təşkil edir. Genişləndirilmiş giriş imkanı ilə oyunçulara təqdim olunan layihə qısa müddətdə 2 mindən çox rəy toplayıb və Steam-də 91%-lik müsbət reytinqə sahib olub. İstifadəçilər oyunun Hitman və Uncharted üslublarının uğurlu qarışığı olduğunu, dinamik süjet xəttini və optimizasiyanı xüsusilə qeyd edirlər.
Bununla yanaşı, bəzi oyunçular texniki problemlərdən, AMD FSR 4.1 dəstəyinin olmamasından və Denuvo müdafiə sisteminin tətbiqindən narazılıqlarını bildiriblər. Oyunun rəsmi buraxılışdan əvvəlki pik onlayn göstəricisi 55,8 min nəfəri keçib.
Qeyd edək ki, 007 First Light PC, PS5, Xbox Series X/S və Nintendo Switch 2 platformaları üçün nəzərdə tutulub. Tənqidçilər artıq oyunu "GoldenEye 007"-dən bəri yaradılmış ən yaxşı Ceyms Bond oyunu adlandırıblar.






