"GeForce RTX 4090" videokartının sahibi təxminən bir il ərzində yaşadığı texniki problemlərdən sonra gözlənilməz bir nəticə ilə qarşılaşıb. İstifadəçi, "ZOTAC" servis mərkəzinə dördüncü dəfə müraciət etdikdən sonra şirkət ona köhnə modelin əvəzinə tamamilə yeni "GeForce RTX 5090 Solid" modelini göndərib. İlkin "RTX 4090" kartlarında mavi ekran, donma və "PCIe" xətaları kimi ciddi nasazlıqlar müşahidə olunurdu.
"VideoCardz" resursunun məlumatına görə, müştəri sonuncu nasaz kartı üçillik zəmanət müddətinin bitməsinə təxminən bir ay qalmış geri göndərib. Təxminən 30 günlük gözləmədən sonra "ZOTAC"-ın ABŞ bölməsi rəhbərliyin əvəzetmə üçün yeni model təsdiqlədiyini bildirib. Şirkətin siyasətinə əsasən, əgər orijinal model mövcud deyilsə, onlar bərabər və ya daha yüksək performanslı cihazla əvəzetmə etmək hüququna malikdirlər.
Bu hadisə presedent yaradırmı?
Qeyd etmək lazımdır ki, "ZOTAC"-ın bu addımı hər bir nasaz "RTX 4090" üçün keçərli deyil və qərar tamamilə şirkətin mülahizəsinə bağlıdır. Bundan əvvəl də oxşar hadisələr qeydə alınıb, lakin bu, adətən uzunmüddətli və təkrarlanan texniki problemlər zamanı baş verir. Yeni alınan "RTX 5090" üçün əlavə üçillik zəmanət verilməyib; istifadəçi yalnız ilkin zəmanət müddətinin qalan 30 günündən istifadə edə bilər.






