ABŞ-ın tənzimləyici qurumu olan FTC, "Zillow" və "Redfin" şirkətləri arasında bağlanan müqavilənin rəqabət mühitinə zərər vurduğunu əsas gətirərək araşdırma başlatmışdı. İddiaya görə, "Zillow" öz elanlarını yayımlaması üçün "Redfin"-ə ödəniş edir, əvəzində isə "Redfin" öz reklam müqavilələrini ləğv edərək çoxmənzilli yaşayış binaları üzrə rəqabətdən çəkilməyi öhdəsinə götürürdü.
Əldə olunan razılaşmaya əsasən, "Redfin" artıq "Zillow"-dan gələn kirayə elanlarını heç bir məhdudiyyət olmadan yayımlaya biləcək. Bununla yanaşı, şirkət tərəfdaşlıq çərçivəsində dayandırdığı özünün kirayə elanları üzrə reklam biznesini yenidən aktivləşdirməyə məcbur edilir.
Bu razılaşma nəyi dəyişir?
FTC-nin Rəqabət Bürosunun direktoru Daniel Guarnera bildirib ki, bu addım həm kirayəçilər, həm də əmlak idarəetmə şirkətləri üçün məhkəmə prosesindən daha sürətli və effektiv nəticələr təmin edir. Razılaşmanı Arizona, Konnektikut, Nyu-York, Virciniya və Vaşinqton ştatlarının baş prokurorları da dəstəkləyib.
Sözügedən qərar ABŞ rəsmilərinin iri şirkətlərin bazar davranışlarına qarşı apardığı son dövrün digər yüksək profilli işlərinin davamı kimi qiymətləndirilir. Xatırladaq ki, oxşar proseslər daha əvvəl "Live Nation-Ticketmaster" və "Realpage" şirkətlərinə qarşı da həyata keçirilmişdi.






