"Paramount" şirkəti "Warner Bros. Discovery" ilə 110 milyard ABŞ dolları dəyərindəki birləşmə prosesi başa çatmazdan əvvəl yeni idarəetmə strukturunu elan edib. Şirkət tərəfindən verilən məlumata görə, "Mattel"in keçmiş sədri və baş direktoru Ynon Kreiz, hazırkı sədr və baş direktor David Ellison ilə birlikdə şirkətə rəhbərlik edəcək.
Yeni təyinatlara əsasən, David Ellison şirkətin uzunmüddətli strategiyası, yaradıcı baxışı, texnoloji inkişafı və kapital bölgüsü kimi strateji məsələlərə diqqət yetirəcək. Ynon Kreiz isə şirkətin gündəlik idarəetməsi və hər iki qurumun inteqrasiya prosesinə cavabdeh olacaq. Ynon Kreiz öz vəzifəsinin icrasına 5 oktyabr tarixində başlayacaq.
Qeyd edək ki, Ynon Kreiz 2018-ci ildən bəri "Mattel" şirkətinə rəhbərlik edib və bu müddətdə "Warner Bros. Pictures" ilə əməkdaşlıq çərçivəsində "Barbie" filminin uğurlu təqdimatında mühüm rol oynayıb. Eyni zamanda, məhkəmə "Paramount"un "Warner Bros. Discovery" ilə birləşməsinə qarşı çıxan ştatların iddiaları ilə bağlı razılaşmanı təsdiqləyib.
İdarəetmədəki dəyişikliklər bununla bitmir. "Paramount"un striminq xidmətləri üzrə rəhbəri Cindy Holland vəzifəsindən ayrılacağını açıqlayıb. "Variety" nəşrinin məlumatına görə, "HBO"nun rəhbəri Casey Bloys-un həm "Paramount Plus", həm də "HBO" platformalarına rəhbərlik edəcəyi gözlənilir.






