"Xiaomi" şirkəti üç yeni məhsulunun tizer şəkillərini yayımlayıb. Bunlar "Xiaomi 17 Max" smartfonu, "Smart Band 10 Pro" fitnes qolbağı və istehsalçının çeşidində ilk tam simsiz idman qulaqlıqlarıdır. Şirkətin mobil bölməsinin prezidenti Lu Veybin bildirib ki, yeni flaqman baza modeli olan "Xiaomi 17"nin tamamilə təkmilləşdirilmiş versiyası olacaq.
"Xiaomi 17 Max" hansı xüsusiyyətlərə malikdir?
"Xiaomi 17 Max" modeli dar çərçivəli və 6,9 düymlük böyük ekrana malikdir. Qeyri-rəsmi məlumatlara görə, korpus materialları arasında keramika və karbon lifi üslubunda işləmələr ola bilər. Cihazın 1,5K təsvir ölçülü, 120 Hz yenilənmə tezliyinə malik LTPO matrisli ekranla təchiz ediləcəyi gözlənilir. Barmaq izi skaneri birbaşa ekrana inteqrasiya olunacaq və istehsalçı qara, mavi, ağ rəng seçimlərini artıq təsdiqləyib.
Smartfon "Xiaomi" üçün rekord sayılan 8000 mAs tutumlu batareya ilə təchiz ediləcək. Cihaz 100 Vt simli və 50 Vt simsiz şarjı dəstəkləyəcək. Kamera sistemi 200 meqapiksellik "Samsung ISOCELL HP" əsas sensorundan, həmçinin 50 meqapiksellik genişbucaqlı və 3 qat optik yaxınlaşdırmalı periskop obyektivdən ibarət olacaq. Təsvirlərin işlənməsi sistemi "Leica" ilə əməkdaşlıq çərçivəsində hazırlanır və cihazın "Qualcomm Snapdragon 8 Elite Gen 5" prosessoru ilə işləyəcəyi bildirilir.
Yeni qadcetlər nələr vəd edir?
"Smart Band 10 Pro" fitnes qolbağının baza versiyada qalınlığı cəmi 9,7 mm, çəkisi isə 21,6 qram təşkil edəcək. Braziliya pərakəndə satış şəbəkələrindən birinin sızdırdığı məlumata görə, cihaz 1,74 düymlük AMOLED ekran və 25 gün avtonom işləməyi təmin edən 380 mAs batareya alacaq. Qolbağın qiymətinin 150 ilə 170 ABŞ dolları arasında olacağı gözlənilir.
Nəhayət, idmanla məşğul olarkən istifadə üçün nəzərdə tutulmuş, klips formalı bərkidiciləri olan ilk tam simsiz qulaqlıqların çıxışı da planlaşdırılır. Bu cihazın adı və texniki xüsusiyyətləri hələlik açıqlanmayıb. Tarixi hələ elan edilməmiş təqdimat mərasimində "Redmi" brendi altında bir neçə audio cihazın da nümayiş olunacağı istisna edilmir.






