"Microsoft" korporasiyası "Xbox" bölməsində həyata keçirdiyi genişmiqyaslı yenidənqurma çərçivəsində iki əsas oyun studiyasını birləşdirir. "Forza Horizon" seriyasının müəllifi olan "Playground Games" və "Forza Motorsport"un yaradıcısı "Turn 10 Studios" bundan sonra vahid komanda kimi fəaliyyət göstərəcək. Bu qərarın əsas məqsədi "Forza" və "Fable" franşizaları üzərində işi mərkəzləşdirməkdir.
Bu birləşmə oyun dünyasına necə təsir edəcək?
"Xbox"-un məzmun üzrə baş direktoru Matt Booty daxili qeydində bildirib ki, bu iki studiya on ildən artıqdır ki, texnoloji və yaradıcı tərəfdaşlıq edir. İndi isə bu əməkdaşlıq rəsmi olaraq vahid strukturda birləşdirilir. Sözügedən dəyişiklik "Turn 10 Studios"-un fəaliyyətinin faktiki olaraq "Playground Games"-ə inteqrasiyası deməkdir.
Ötən il "Turn 10 Studios"-da 70-dən çox əməkdaşın ixtisar edilməsi studiyanın gələcəyi ilə bağlı suallar doğurmuşdu. Hazırda qalan heyət "Forza Horizon" və "Fable" layihələri üzərində işləmək üçün "Playground Games"-ə keçir. Bu addım "Forza Motorsport" franşizasının gələcəyi ilə bağlı qeyri-müəyyənlik yaradıb.
Qeyd edək ki, bu dəyişikliklər "Xbox" daxilindəki daha geniş miqyaslı yenidənqurmanın bir hissəsidir. Yeni plana əsasən, "Halo" franşizası "Activision" şirkətinə həvalə olunub. Eyni zamanda, "Rare" və "World’s Edge" studiyaları da şirkətin yeni strategiyasında önəmli rol oynayacaq.






