"Microsoft" şirkəti özünün populyar "Xbox Game Pass" abunə xidmətini Çin bazarına çıxarmaq üzərində işləyir. Bu həftə "Xbox PC" tətbiqində edilən son yenilənmədə "Project Saluki" adlı yeni kod adı aşkar edilib. Şirkət daxilində bu layihə abunə səviyyələri, mükafatlar və oyun xidmətinin Çin bazarına genişləndirilməsi kimi təsvir olunur.
Hazırda "Microsoft" Çində "Activision Blizzard" vasitəsilə müxtəlif oyunlar təqdim etsə də, abunə xidməti bu ölkədə əlçatan deyil. Buna baxmayaraq, texnologiya nəhəngi regionda konsol satışlarını həyata keçirir. Qeyd edək ki, 2014-cü ildə "Xbox One" modelinin ölkəyə gətirilməsi ilə hökumətin oyun konsollarına tətbiq etdiyi 14 illik qadağa ləğv edilmişdi.
Çin tənzimləyicilərinin sərt təsdiq proseslərinə görə yerli "Xbox" mağazasında oyun kataloqu olduqca məhduddur. Bu amil keçmişdə abunə xidmətinin ölkəyə gətirilməsi planlarını çətinləşdirirdi. Lakin yeni layihənin xüsusi olaraq bu unikal bazar üçün uyğunlaşdırılmış daha kiçik oyun seçimi təklif edəcəyi gözlənilir.
Disklərdən rəqəmsal formata keçid
"Xbox PC" tətbiqində həmçinin "Disc2Digital" funksiyasını aktivləşdirəcəyi bildirilən "Positron" kod adı da yer alıb. Bunun tam olaraq nə anlama gəldiyi məlum olmasa da, fiziki oyun disklərinin rəqəmsal lisenziyalara çevrilməsi planının geri qayıdışı ola bilər. Şirkət bu addımı əvvəllər də atmaq istəsə də, naşirlərin və satıcıların kəskin etirazı səbəbindən fikrindən daşınmışdı.
"Windows Central" nəşrinin ehtimallarına görə, bu yeni funksiya şirkətin növbəti nəsil konsolu olan "Project Helix" üçün hazırlıq mərhələsi ola bilər. Son illərdə "Microsoft" disksiz cihazlara doğru ciddi addımlar atır. Belə ki, 2020-ci ildə tam rəqəmsal "Xbox Series S", 2024-cü ildə isə ağ rəngli disksiz "Xbox Series X" modelləri istifadəçilərə təqdim edilib.






