Uzun müddətli sükutdan sonra "Cyberleek" adlı haker qruplaşması yenidən aktivləşərək "Rockstar Games" tərəfindən hazırlanan "GTA VI" kriminal döyüş oyunu ilə bağlı yeni kadrlar paylaşıb. Bu dəfə sızdırılan görüntülər arasında oyunun əsas qəhrəmanları Ceyson və Lusiya da yer alıb. İlkin məlumatlara görə, bu görüntülər oyunun sazlama (debug) funksiyaları vasitəsilə əldə edilib.
Hakerlər "Take-Two Interactive" şirkətinə qarşı ciddi tələblər irəli sürüblər. Onlar oyunun tam süjet rejimini internetə sızdırmaqla hədələyərək, şirkətdən "GTA VI"-nın fiziki disklərdə satışa çıxarılmasını və ictimaiyyətdən üzr istənilməsini tələb edirlər. Qruplaşma, həmçinin özlərinin "Cyberleek" adlı kriptovalyutasının bazar dəyərinin 30 milyon ABŞ dollarına çatacağı təqdirdə bu addımı atacaqlarını bildirib.
Bu təhdidlərin arxasında nə dayanır?
Hazırda "Take-Two Interactive" şirkəti hakerləri tapmaq üçün genişmiqyaslı araşdırmalar aparır. Artıq bir aydan çoxdur davam edən istintaq prosesi intensiv şəkildə irəliləsə də, hələ ki, cinayətkarları dayandırmaq mümkün olmayıb. Şirkət rəsmiləri hakerlərin sadəcə blef etdiyini düşünə bilər, lakin "Cyberleek" öz mövqeyində israrlıdır.
Xatırladaq ki, "GTA VI"-nın 19 noyabr tarixində "PS5", "Xbox Series X" və "S" platformaları üçün satışa çıxarılması planlaşdırılır. Oyunun qiyməti 80 ilə 100 ABŞ dolları arasında dəyişir. Maraqlı məqam odur ki, oyunun fiziki versiyası satışa çıxarılsa da, qutunun içərisində disk olmayacaq, yalnız aktivasiya kodu yer alacaq.






