"X" sosial şəbəkəsinin rəhbəri İlon Mask platformanı super-tətbiqə çevirmək planı çərçivəsində "X Money" ödəniş xidmətini geniş istifadəyə verib. Artıq "X Premium" və "Premium Plus" abunəliyi olan istifadəçilər platformanın təqdim etdiyi əsas maliyyə alətlərindən yararlana bilərlər. Xidmət rəqəmsal pul kisəsi, fiziki şəxslər arasında pul köçürmələri və istifadəçi adının qeyd olunduğu metal "Visa" kartı kimi funksiyaları özündə birləşdirir.
Yeni ödəniş sistemi həmçinin "Apple Wallet" dəstəyi ilə təchiz edilib və platforma daxilində pulsuz köçürmələr həyata keçirməyə imkan verir. "Premium Plus" abunəçiləri 6%-dək illik gəlirlilik əldə edə bilərlər, baza "Premium" istifadəçiləri üçün isə bu imkan müəyyən məbləğdə depozit tələb edir. Aprel ayında başlayan "erkən ictimai giriş" mərhələsindən sonra sistem artıq bütün premium abunəçilər üçün aktivdir.
Bu yenilik hansı narahatlıqları yaradıb?
İlon Mask 2023-cü ildə keçirilən işçi iclasında maliyyə xidmətlərinin platformaya inteqrasiyasının vacibliyini vurğulamışdı. Lakin bu təşəbbüs hər kəs tərəfindən müsbət qarşılanmayıb. ABŞ senatoru Elizabet Uorren (Elizabeth Warren) "X Money" sisteminin təhlükəsizliyi ilə bağlı narahatlığını ifadə edərək, bunun istehlakçılar, milli təhlükəsizlik və maliyyə sisteminin sabitliyi üçün risklər yarada biləcəyini bildirib.






