2013-cü ilin dekabrı ilə 2014-cü ilin yanvarı arasında "Mail.ru" şirkəti öz bulud xidmətinin istifadəyə verilməsi şərəfinə genişmiqyaslı kampaniya keçirmişdi. Həmin dövrdə tətbiqi yükləyən istifadəçilərə 1 TB həcmində bulud yaddaşı "pulsuz və ömürlük" təqdim edilmişdi. İndi isə "VK" holdinqi bu istifadəçilərə bildiriş göndərərək, yaddaş həcminin 8 GB-a endiriləcəyini elan edib.
İstifadəçilər nə etməlidir?
Yaddaş limitinin azaldılması ilə əlaqədar istifadəçilərə fayllarını köçürmək və ya ödənişli tarif planlarına keçid etmək üçün müəyyən vaxt verilib. "Mail" xidmətinin mətbuat xidməti bildirib ki, bu dəyişikliklər istifadəçilərin 0,5%-dən az hissəsinə təsir göstərir. Şirkət nümayəndələri vurğulayıblar ki, əsas funksiyalar və pulsuz kvotalar bütün istifadəçilər üçün əlçatan qalacaq.
Şirkət bu qərarı necə əsaslandırır?
Narazı istifadəçilərə cavab olaraq dəstək xidməti lisenziya müqaviləsinin 6.4.1-ci bəndinə istinad edib. Həmin bəndə görə, lisenziya verən tərəf xidmətin məzmununu və funksiyalarını istənilən vaxt dəyişdirmək hüququna malikdir. Qeyd edək ki, bu, "Mail.ru"-nun "ömürlük" kvotaları ləğv etdiyi ilk hal deyil.
Daha əvvəl, 2024-cü ilin noyabrında şirkət 11 il əvvəl verilən 100 GB-lıq pulsuz yaddaşları da ləğv etmişdi. O zaman şirkət bu addımı tarif siyasətinin yenidən nəzərdən keçirilməsi və xidmətin funksionallığının artırılması zərurəti ilə izah etmişdi.






