14 aprel tarixində erkən girişə təqdim edilən "Windrose" pirat sağ qalma simulyatoru qısa müddətdə böyük populyarlıq qazanıb. Özbəkistanın "Kraken Express" studiyasının tərtibatçıları oyunun artıq bir milyondan çox nüsxədə satıldığını elan ediblər. Xatırladaq ki, layihənin satışları buraxılışdan sonrakı ilk iki gün ərzində bütün dünya üzrə 500 min nüsxəni geridə qoymuşdu.
"Windrose" yaradıcıları oyunçulara dəstək, səbir və anlayışlarına görə təşəkkür ediblər. Tərtibatçılar yeniləmələr üzərində işləyərkən istifadəçilərin rəylərini və təkliflərini oxumağa vaxt tapdıqlarını vurğulayıblar.
"Sizin videolarınızı və yayımlarınızı izləyirik və açığı, bəzən bir damla sərt pirat göz yaşı tökürük. Axı indi oyun çıxdıqdan sonra siz bizimlə maraqlı pirat macərası xəyalını bölüşürsünüz. Həmçinin qabanlara görə də, bəli"– deyə müəlliflər etiraf ediblər.
Ötən həftəsonu oyun eyni vaxtda onlayn olan istifadəçi sayına görə yeni zirvəyə çatıb. "SteamDB" xidmətinin məlumatlarına əsasən, 19 aprel tarixində 222,1 min istifadəçi eyni anda bu pirat simulyatorunu oynayıb. "Windrose" oyununun başlanğıc versiyasını "Steam" və "EGS" platformalarından əldə etmək mümkündür və 21 aprel tarixinədək onu 1259 rus rublu qiymətinə almaq olar.






