"Microsoft" şirkəti "Windows 11" istifadəçilərinin tez-tez qarşılaşdığı yenilənmə problemlərini həll etmək üçün mühüm addım atır. Yaxın gələcəkdə "Windows Update" xidmətinə problemli drayverləri avtomatik olaraq əvvəlki versiyaya qaytaran yeni funksiya əlavə ediləcək. "Cloud-Initiated Driver Recovery" adlanan bu yenilik sayəsində sistemdə nasazlıq yaradan drayverlər dərhal əvvəlki işlək versiya ilə əvəzlənəcək.
Hazırda "Windows 11" istifadəçiləri hər hansı bir xəta baş verdikdə drayverləri əl ilə geri qaytarmalı və ya aparat istehsalçılarının yeni versiya təqdim etməsini gözləməlidirlər. "Microsoft" şirkətinin baş proqram meneceri Garrett Duchesne bildirib ki, yeni sistem bu prosesi tamamilə avtomatlaşdıracaq:
"Drayverin keyfiyyət problemləri olduğu müəyyən edildikdə, 'Microsoft' artıq bulud üzərindən bərpa prosesinə başlaya və istifadəçinin və ya aparat tərəfdaşının əl ilə müdaxiləsi olmadan zərər çəkmiş cihazlarda problemli drayveri əvəz edə bilər."
Yeni funksiya hazırda "Microsoft" şirkətinin aparat tərəfdaşları ilə birlikdə sınaqdan keçirilir və sentyabr ayından etibarən mərhələli şəkildə istifadəyə verilməsi planlaşdırılır. Bundan əlavə, istifadəçilər yenilənmələri qeyri-müəyyən müddətə dayandırmaq, cihazın ilkin quraşdırılması zamanı yenilənmələri ötürmək və gözləyən yenilənmələri quraşdırmadan kompüteri yenidən başlatmaq və ya söndürmək imkanı əldə edəcəklər.






