"Microsoft" şirkəti "Windows 11" sistemində tətbiqlərin işə salınma vaxtını və "Start" menyusunun reaksiyasını yaxşılaşdırmaq üçün yeni sürətləndirmə funksiyasını sınaqdan keçirir. "Aşağı Gecikmə Profili" adlanan bu yenilik, menyuların və tətbiqlərin sürətini artırmaq üçün prosessorun tezliyini qısa sıçrayışlarla yüksəldir. Bu yanaşma "macOS" əməliyyat sisteminin oxşar tapşırıqları necə idarə etdiyinə çox bənzəyir.
Ötən həftə ərzində "Windows 11" sınaqçıları bu elan edilməmiş funksiyanı yoxlayıblar. Onlar "File Explorer", "Start" menyusu, həmçinin "Outlook", "Microsoft Store" və "Paint" kimi proqramların açılmasında ciddi sürət artımı müşahidə ediblər. "Windows Central" nəşrinin məlumatına görə, bu yeni rejim "Microsoft" tətbiqlərinin 40 faizə qədər, "Start" və kontekst menyularının isə 70 faizə qədər daha sürətli işləməsini təmin edə bilər.
Bu yenilik niyə tənqid olunur?
İlkin nəticələr ümidverici olsa da, bəzi istifadəçilər əməliyyat sistemini sürətləndirmək üçün prosessor sıçrayışlarından istifadə edilməsini tənqid ediblər. Bu iradlar "Microsoft" rəhbərliyinin də diqqətindən yayınmayıb. "CoreAI", "GitHub" və "Windows" üzrə texniki heyətin vitse-prezidenti Scott Hanselman "X" platformasında bu dəyişiklikləri müdafiə edib. O bildirib ki, şirkət prosessorun tezliyini müvəqqəti artırmaqla heç bir hiylə işlətmir və smartfonlar artıq bu üsuldan istifadə edir.
Scott Hanselman qeyd edib ki, "Microsoft" interaktiv tapşırıqları prioritetləşdirmək üçün prosessoru dinamik şəkildə tənzimləyən və "macOS" ilə "Linux" tərəfindən də tətbiq olunan ümumi təcrübədən yararlanır.
"Apple bunu edir və hamınız bunu sevirsiniz. İcazə verin, Windows da öz işini görsün"- deyə o əlavə edib.
Sistemdə başqa hansı dəyişikliklər gözlənilir?
"Windows 11" üçün tətbiq edilən bu son sürətləndirmə, əməliyyat sisteminin məhsuldarlığını, etibarlılığını və istifadəçi təcrübəsini yaxşılaşdırmaq məqsədi daşıyan genişmiqyaslı dəyişikliklərin bir hissəsidir. Bundan əlavə, "Microsoft" sistemdən lazımsız "Copilot" düymələrini silməyə başlayıb və "Windows Update" prosesini istifadəçilər üçün daha rahat hala gətirib.






