"Microsoft" şirkəti 2026-cı il üçün oyun kompüterlərində ideal operativ yaddaş (RAM) həcmini müəyyənləşdirib. Rəsmi dəstək səhifəsində yer alan məlumata görə, müasir oyunları işə salmaq üçün minimum 16 GB RAM tələb olunur. Lakin istifadəçilər oyunla yanaşı "Discord", veb-brauzer və ya yayım (striminq) proqramlarından istifadə edirlərsə, 32 GB yaddaş həcmi daha uyğun hesab edilir. Şirkət 16 GB həcmin köhnəldiyini iddia etmir, sadəcə onu başlanğıc nöqtəsi kimi xarakterizə edir.
Artıq 32 GB RAM yalnız entuziastlar üçün lüks hesab edilmir. Qeyd edək ki, təkcə "Windows" əməliyyat sisteminin özünün normal fəaliyyəti üçün 8 GB operativ yaddaş tövsiyə olunur. "Microsoft" nümayəndələri bu artan tələbatı birbaşa oyunların özü ilə deyil, onlarla paralel işləyən əlavə proqram təminatları ilə əlaqələndirirlər. Peşəkar geymerlər bu barədə uzun müddətdir danışsalar da, yaddaş modullarının qıtlığı və yüksək qiymətləri fonunda bu cür tələblər istifadəçilər tərəfindən həssaslıqla qarşılanır.
Niyə müasir oyunlar üçün daha çox RAM tələb olunur?
Tipik bir oyun sessiyası zamanı arxa fonda "Discord", çoxsaylı açıq pəncərələri olan brauzer, "Steam", "Epic Games" və ya "Xbox" kimi oyun başlatma tətbiqləri aktiv olur. Bundan əlavə, "Windows" sistemində söndürülməsi mümkün olmayan bəzi xidmətlər də daim işləyir. Vəziyyəti çətinləşdirən digər amil isə bir çox müasir tətbiqlərin "Chromium" mühərriki əsasında hazırlanmasıdır. Bu mühərrik hətta gözləmə rejimində belə böyük həcmdə operativ yaddaş sərf edir.
Yüksək keyfiyyətli teksturalara, modifikasiyalara və açıq dünyaya malik olan AAA sinifli oyunlar da sistem resurslarına qarşı tələbkardır. Belə oyunlar üçün 16 GB RAM kifayət etsə də, digər proseslər üçün çox az yer qalır. Həmçinin, bu cür oyunlar üçün 8-12 GB video yaddaşa malik diskret qrafik kartları tələb olunur. Nəticə etibarilə, "Microsoft" 32 GB RAM tövsiyə edərkən saniyədəki kadr sayını (FPS) artırmağı deyil, uzunmüddətli oyun sessiyalarında donmaların qarşısını almağı və rahat istifadəni hədəfləyir.
"Windows 11" gələcəkdə daha az resurs tələb edəcəkmi?
"Microsoft" şirkətinin baş direktoru Satya Nadella istifadəçilərin "Windows" sisteminə olan etimadını bərpa etməyin vacibliyini vurğulayıb. Lakin hər il insanlardan kompüterlərinin operativ yaddaşını artırmağı tələb etməklə bu məqsədə çatmaq qeyri-mümkündür. Buna görə də şirkət "Windows 11" sistemini daha sürətli, yüngül və səmərəli etmək məcburiyyətindədir. Ehtimal olunur ki, bu istiqamətdə optimallaşdırma işlərinə artıq başlanılıb.






