"Windows 11" əməliyyat sisteminin funksionallığının mərkəzi elementi hələ də onilliklərin sınağından çıxmış Win32 API olaraq qalır. Bu sistemin kökləri birbaşa olaraq "Windows 95" dövrünə gedib çıxır. "Microsoft" şirkətinin veteranı Mark Russinovich bildirib ki, 90-cı illərdə heç kim bu texnologiyanın 2026-cı ildə də əsas API olaraq qalacağını gözləmirdi. O qeyd edib:
"Mən əminliklə deyə bilərəm ki, xeyr. Heç kim bunu gözləməzdi, çünki biz 2026-cı ilə qədər uçan avtomobillər və ay stansiyaları xəyal edirdik. 'Windows 95' dövründə hazırlanmış Win32-ni yox".
Win32 üçüncü tərəf proqram təminatlarının əməliyyat sistemi ilə qarşılıqlı əlaqəsi üçün istifadə etdiyi funksiyalar toplusudur. Proqram ekranda pəncərə göstərmək, faylı oxumaq, siçan klikini emal etmək və ya klaviatura düyməsinə reaksiyanı təmin etmək istədikdə, tərtibatçının bu tapşırıqlar üçün sıfırdan kod yazmasına ehtiyac qalmır. Bunun əvəzinə onlar "CreateWindow()", "ReadFile()" və "GetCursorPos()" kimi əvvəlcədən yazılmış funksiyalara müraciət edirlər. Bütün bu sadalanan əmrlərin əsası məhz "Windows 95" sisteminə dayanır.
Tarix boyu "Microsoft" şirkəti dəfələrlə Win32 sistemindən imtina etməyə çalışıb. Məsələn, "Windows 8" ilə birlikdə istifadəçi interfeysinin müraciət etdiyi yeni WinRT API təqdim edilmişdi. O zaman şirkət rəhbərliyi yeni dizayn elementlərinin uzun müddət qalacağını güman edirdi. Lakin "Windows 8" gözlənilən böyük uğuru qazana bilmədi və nəticədə "Windows 10" buraxılışı ilə şirkət yenidən köhnə sistemə qayıtmağa məcbur oldu.
Sonrakı mərhələlərdə WinRT demək olar ki, tamamilə "Windows 10" üçün nəzərdə tutulmuş Universal Windows Platform tərəfindən mənimsənildi. Bu platforma isə daha sonra Windows App SDK və WinUI 3 adlandırıldı. Bütün bu yenilənmə və dəyişiklik cəhdlərinə baxmayaraq, müasir dövrdə əksər proqramlar hələ də öz işini təmin etmək üçün məhz Win32 kodlarına müraciət edir.






