Karlsrue Texnologiya İnstitutu-nun KASTEL tədqiqat mərkəzinin alimləri Wi-Fi siqnallarını analiz edərək insanları identifikasiya edən yeni metod təqdim ediblər. 197 könüllünün iştirakı ilə keçirilən sınaqlarda texnologiyanın insanın hərəkətindən və ya yerləşdiyi bucaqdan asılı olmayaraq, demək olar ki, 100% dəqiqliklə işlədiyi sübut olunub.
Texnologiyanın əsasında müştəri cihazlarının marşrutlaşdırıcıya (router) göndərdiyi şifrələnməmiş əks-əlaqə siqnalları dayanır. Bu siqnalları analiz edən tədqiqatçılar qapalı məkandakı insanların vizual obrazlarını bərpa etməyə nail olublar. Professor Torsten Ştrufe-nin sözlərinə görə, bu sistem adi kamera kimi işləyir, lakin işıq əvəzinə radio dalğalarından istifadə edir.
Bu texnologiya necə işləyir və hansı riskləri daşıyır?
Sistemin işləməsi üçün insanın üzərində hər hansı bir cihazın olması vacib deyil; ətrafdakı digər cihazların siqnalları kifayətdir. Bu, Wi-Fi şəbəkələrinin mövcud olduğu evlər, ofislər və ictimai yerlərdə məxfilik üçün ciddi təhlükə yaradır. Kiber cinayətkarlar və ya digər qüvvələr heç bir şübhə doğurmadan, görünməz radio dalğaları vasitəsilə insanları izləyə bilərlər.
Tədqiqatçılar bu təhlükənin qarşısını almaq üçün məxfilik qoruma vasitələrinin birbaşa Wi-Fi standartlarına inteqrasiya edilməsini təklif edirlər. Hazırda bu istiqamətdə IEEE 802.11bf standartının təkmilləşdirilməsi üzərində işlər aparılır.






