"WABetaInfo" portalının məlumatına görə, "Meta" şirkəti məhdud sayda istifadəçi üçün yeni ödənişli "WhatsApp Plus" abunəliyini istifadəyə verir. Bu yenilik istifadəçilərə tətbiqi fərdiləşdirmək üçün bir sıra eksklüziv funksiyalar təklif edir. Yeniliklər sırasına xüsusi stikerlər, müxtəlif tətbiq mövzuları, fərdi ikonlar və premium zəng səsləri daxildir. Bundan əlavə, istifadəçilər 20-yə qədər çatı yuxarıda sabitləyə və çat siyahılarına kütləvi şəkildə fərdi tənzimləmələr tətbiq edə biləcəklər.
Paylaşılan ekran görüntülərinə əsasən, yeni abunəliyin aylıq qiyməti 2,49 avro (təxminən 3 ABŞ dolları) təşkil edir. Bu məbləğ aylıq 3,99 ABŞ dolları ödəniş tələb edən və oxşar üstünlüklər təqdim edən "Snapchat Plus" xidməti ilə müqayisə oluna bilər. Hazırda "WhatsApp Plus" yalnız standart "WhatsApp Messenger" tətbiqində dəstəklənir və "WhatsApp Business" istifadəçiləri üçün əlçatan deyil. İlkin mərhələdə yalnız "Android" cihazlarına diqqət yetirilsə də, gələcəkdə "iOS" əməliyyat sistemi üçün də dəstəyin əlavə edilməsi planlaşdırılır.
Qeyd edək ki, ötən ay "Meta" şirkəti oxşar strategiya ilə "Instagram Plus" aylıq abunəliyini də sınaqdan keçirməyə başlamışdı. Həmin xidmət əsasən hekayələr üçün eksklüziv funksiyalara, o cümlədən fərqli izləyici qrupları yaratmağa və paylaşımların müddətini standart 24 saatdan daha uzun müddətə uzatmağa yönəlib.






