"Android" əməliyyat sisteminin son versiyalarında mövcud olan, lakin az tanınan "Qabarcıqlar" (Bubbles) və ya "Söhbət başlıqları" (Chat heads) funksiyası tezliklə "WhatsApp" tətbiqində dəstəklənəcək. WABetaInfo resursunun məlumatına görə, bu yeni format artıq messencerin beta versiyasında aşkar edilib.
Bu bildiriş formatı illər əvvəl "Facebook" "Messenger" tətbiqi tərəfindən populyarlaşdırılıb. Ekranda daxil olan mesajla birlikdə kontaktın üzən şəkli peyda olur və üzərinə toxunduqda digər açıq tətbiqlərin üstündə söhbət pəncərəsi açılır. Hər kəs üçün uyğun olmasa da, "Google" bu ideyanı inkişaf etdirərək onu bütün tərtibatçılar üçün əlçatan edib.
Hazırda "WhatsApp" tətbiqinin "Android" üçün olan beta versiyasında bu funksiyanın işləmə prinsipi ilə tanış olmaq mümkündür. Geniş istifadəçi kütləsi üçün hələlik əlçatan olmasa da, sınaq mərhələsindəki qabarcıqlar istifadəçilərə yazışma və digər proqramlar arasında asanlıqla keçid etməyə imkan verir.
Qeyd edək ki, "Facebook" "Messenger" sistem qabarcıqlarını yalnız "Google Pixel" cihazlarında dəstəkləyir, digər smartfonlarda isə öz fərdi həllini tətbiq edir. Xoşbəxtlikdən, "WhatsApp" tətbiqində belə bir qarışıqlığın olmayacağı bildirilir. Yeniliyin ümumi istifadəyə nə vaxt veriləcəyi hələlik məlum deyil.






