"Owlcat Games" studiyası "Warhammer 40,000: Rogue Trader" rol oyunu üçün nəzərdə tutulan üçüncü "The Infinite Museion" əlavəsinin 30 saniyəlik yeni tizerini təqdim edib. Videoçarx oyunçuların yeni yoldaşı olacaq "Adeptus Mechanicus" fraksiyasından texno-keşiş Eogunn Februs personajına həsr olunub. Bu qısa video oyunun qaranlıq atmosferini bir daha vurğulayır.
"Bəzi qərarlar təkcə bədəndə deyil, ruhda da iz buraxır və heç bir auqmentasiya bu yaraları sağalda bilməz. Bədən zəifdir, lakin Omnissiah-ın ən müqəddəs maşınları belə bizi təqib edənləri yox edə bilməz", - deyə Eogunn qeyd edir. Lakin bu yeni personaj fanatlar tərəfindən məyusluqla qarşılanıb. Oyunçular bildirirlər ki, oyunda artıq eyni fraksiyadan olan Pasqal Haneumann adlı yoldaş mövcuddur. Onların fikrincə, üçüncü böyük əlavə üçün daha unikal və fərqli bir qəhrəman düşünülə bilərdi.
"The Infinite Museion" əlavəsi oyunçuları əfsanəvi nekron hökmdarı Trazyn the Infinite-in xəzinəsinə aparacaq. İstifadəçilər onun planlarına tabe olmaq və ya onları pozmaq arasında seçim etməli olacaqlar. Yeni məzmunun iyun ayının sonunadək PC ("Steam", "GOG", "EGS"), "PS5", həmçinin "Xbox Series X" və "S" platformalarında buraxılması gözlənilir. Yeniliklər sırasına xəzinənin qeyri-adi mühafizəçiləri, döyüş implantları mexanikası və nekronların tarixinə dərin səyahət daxildir.
Paralel olaraq, "Owlcat Games" qaranlıq gələcək kainatında keçən növbəti RPG layihəsi olan "Warhammer 40,000: Dark Heresy" üzərində işləyir. Oyunun dəqiq çıxış tarixi hələlik məlum deyil. Buna baxmayaraq, artıq keçmiş Kataçan şeytanı Heymar Devos adlı yeni yoldaşın ilk tizeri nümayiş etdirilib. Bu layihənin də seriyanın pərəstişkarlarına fərqli təcrübə vəd etdiyi bildirilir.






