Strateji oyun janrının gözlənilən layihəsi olan “Warhammer 40,000: Dawn of War 4” qısa müddətdə oyunçuların diqqətini cəlb etməyi bacarıb. “Deep Silver” və “King Art Games” studiyalarının birgə ərsəyə gətirdiyi bu oyun, Steam platformasında 1 milyondan çox istifadəçi tərəfindən “istək siyahısına” (wishlist) əlavə edilib. Bu göstərici oyunun hazırda ən çox gözlənilən strategiya oyunları arasında ilk 4-lükdə, ümumi reytinqdə isə 14-cü yerdə qərarlaşmasını təmin edib.
Oyunun süjet xətti Kronus planetində cərəyan edir və burada dörd əsas fraksiya — Kosmik Desant, Orklar, Nekronlar və Adeptus Mechanicus arasında gərgin mübarizə gedir. “Black Library” yazıçısı Con Frenç tərəfindən hazırlanan ssenari 70 missiyadan ibarət geniş kampaniyanı əhatə edir. Yaradıcılar klassik RTS (real vaxt strategiyası) köklərinə qayıdışı və detallı yaxın döyüş mexanikalarını vəd edirlər.
“Warhammer 40,000: Dawn of War 4” rəsmi olaraq 17 sentyabr tarixində satışa çıxarılacaq. Oyunun qiyməti 60 ABŞ dollarından başlayır və yalnız Steam platforması üçün nəzərdə tutulub. Layihənin ilk il üçün nəzərdə tutulan mövsümi bileti (season pass) “Blood Ravens” süjet proloqunu və “Aftermath” əlavəsini özündə birləşdirir.






