"Heroes of Might and Magic III" oyununun brauzer versiyası ilə tanınan Dos.Zone Team komandası yeni layihəsini istifadəçilərə təqdim edib. Blizzard Entertainment şirkətinin klassik strategiyası olan "Warcraft III: The Frozen Throne" artıq heç bir xüsusi proqram təminatı olmadan birbaşa brauzer üzərindən oynanıla bilir.
Layihənin əsasını WarsmashModEngine təşkil edir. Komanda üzvü Nikita Aksyonovun (Carter54) sözlərinə görə, bu, sadə bir yayım və ya striminq deyil, müasir veb-texnologiyaların imkanları ilə yaradılmış tam funksional oyun mühitidir. Oyunçular cəmi iki kliklə şəbəkə üzərindən rəqabət apara bilərlər.
Hazırda brauzer versiyası 12 oyunçuya qədər multiplayer dəstəyi və 150-dən çox xəritə təklif edir. Bu xəritələr arasında "Castle Fight", "Green TD", "X Hero Siege" və "Ultimate Sheep" kimi populyar fan-modlar da yer alır. Gələcəkdə komanda "Dota Allstars" kimi digər klassik xəritələri də əlavə etməyi planlaşdırır, lakin hər bir xəritənin optimizasiyası xüsusi yanaşma tələb etdiyi üçün bu proses zaman alacaq.
Dos.Zone Team tərəfindən hazırlanan bu versiya tamamilə pulsuzdur və heç bir reklam və ya qeydiyyat tələb etmir. İstifadəçilər oyunu Dos.Zone saytı vasitəsilə işə sala bilərlər. İlkin yükləmə üçün lazım olan oyun fayllarını avtomatik yükləmə funksiyası vasitəsilə əldə etmək mümkündür.






