"Team Fortress 2" oyununun pərəstişkarları uzun müddətdir gözlədikləri xəbəri nəhayət alıblar. Valve şirkəti, demək olar ki, bir il davam edən fasilədən sonra oyunun kooperativ rejimi olan "Mann vs. Machine" (MvM) üçün planlaşdırılan yenilənmə üzərində işlərin davam etdiyini açıqlayıb. Şirkət nümayəndələri yeni kontentin emalı və dəyişikliklərin tətbiqinin gözləniləndən daha çox vaxt apardığını, lakin prosesin irəlilədiyini bildiriblər.
Xatırladaq ki, Valve ötən ilin iyun ayında istifadəçi xəritələri və missiyalarının qəbulu üçün 27 avqust tarixini son müddət kimi müəyyən etmişdi. Sentyabr ayında komanda fanatlardan çoxlu sayda material daxil olduğunu təsdiqləsə də, sonrakı 10 ay ərzində heç bir rəsmi məlumat verilməmişdi. İndi isə tərtibatçılar oyunçulara göstərdikləri səbrə görə təşəkkür edərək, işlərin davam etdiyinə dair əminlik yaradıblar.
Qeyd edək ki, 2007-ci il istehsalı olan bu kult şuter üçün böyük yenilənmələr nadir hallarda buraxılır. Sonuncu irimiqyaslı yenilənmə 2023-cü ilin iyul ayında təqdim olunmuşdu və bu, oyunun Steam platformasında 254 min nəfərlik yeni rekord onlayn sayına çatmasına səbəb olmuşdu. Kiçik texniki düzəlişlər isə mütəmadi olaraq oyunçulara təqdim edilməyə davam edir.






