Son illərdə "Source 2" mühərriki ilə işləyən oyunların yeniləmələrini təhlil edən datamaynerlər, uzun müddətdir gözlənilən "Half-Life 3" haqqında məlumat əldə etməyə çalışırlar. Görünür, "Valve" tərtibatçıları bu fəaliyyətdən xəbərdardır və buna özünəməxsus şəkildə cavab veriblər. Məşhur datamayner Maksim Poletayev (Gabe Follower) "Dota 2"-nin son yeniləməsində maraqlı bir dəyişən aşkar edib.
Sözügedən dəyişən "m_bHackWhyAreYouGuysReadingOurVariableNames" adlanır ki, bu da tərcümədə "Niyə bizim dəyişən adlarımızı oxuyursunuz?" mənasını verir. Bu addım şirkətin oyun kodlarının kənar şəxslər tərəfindən izləndiyini bildiyini və bu vəziyyətə ironik yanaşdığını göstərir. Beləliklə, "Valve" həm öz kodlarını qorumağa çalışır, həm də fanatların marağına yumorla cavab verir.
"Half-Life 3" haqqında nə məlumdur?
Datamaynerlərin apardığı araşdırmalar nəticəsində "hlx" kod adlı layihə barədə bəzi detallar üzə çıxıb. Məlum olub ki, oyun qravitasiya anomaliyaları, nəqliyyat vasitələri, təkmil ballistika sistemi və NPC-lər üçün emosional davranış modelləri kimi yenilikləri özündə birləşdirəcək. Layihənin 2021-ci ildən bəri "Half-Life: Alyx" komandası tərəfindən hazırlandığı və süni intellektə əsaslanan interaktiv bir oyun olacağı ehtimal edilir.
Qeyri-rəsmi məlumatlara görə, oyunun istehsal prosesi artıq çox gecikmiş mərhələdədir. Xüsusilə, ötən yaz aylarında "Valve"-in oyun üçün mürəkkəb xoreoqrafik səhnələr yaratmaq üzərində ciddi iş apardığı məlum olub. Bu detallar oyunun "Half-Life 3" xronologiyasında mühüm yer tutacağını və texnoloji cəhətdən yüksək səviyyədə olacağını göstərir.






