Avropa İttifaqında (Aİ) vahid şarj standartının tətbiqi ilə bağlı yeni mərhələyə başlanılıb. 29 aprel tarixindən etibarən regionda satışa çıxarılan bütün yeni noutbuk modelləri USB Type-C vasitəsilə şarj olunmanı dəstəkləməlidir. Lakin bu qayda gücü 100 Vattdan çox olan cihazlara şamil edilmir. Belə ki, yüksək performanslı oyun noutbukları ənənəvi qidalanma portlarından istifadəyə davam edə biləcəklər. Aİ rəsmilərinin hesablamalarına görə, vahid standartın tətbiqi istehlakçılara ildə 250 milyon avro qənaət etməyə imkan verəcək.
Nəzəri cəhətdən USB Type-C kabelləri 240 Vatt gücə qədər enerji ötürə bilsə də, hazırda bu cür aksesuarlar bazarda nadir hallarda tapılır. Qanunun qəbul edildiyi 2022-ci ildə isə belə kabellər demək olar ki, mövcud deyildi və məhz bu səbəbdən 100 Vattlıq məhdudiyyət həddi müəyyənləşdirilib. Xatırladaq ki, smartfonlar, planşetlər və kameralar kimi daha yığcam cihazlar üçün bu tələb 2024-cü ildən etibarən məcburi xarakter daşıyır. Məhz bu qərar "Apple" şirkətini özünün xüsusi "Lightning" portundan imtina etməyə məcbur etmişdi.
İndi isə bu normativin noutbuklara da şamil edilməsi ilə kompüter bazarında USB-C portuna keçid prosesinin daha da sürətlənəcəyi proqnozlaşdırılır. Əvvəlki yığcam USB standartları ilə müqayisədə daha davamlı və universal olan bu texnologiya sayəsində istifadəçilər müxtəlif növ cihazları tək bir şarj aləti ilə qidalandıra biləcəklər. Avropa İttifaqı ümid edir ki, bu addım həm qlobal elektron tullantıların həcmini kəskin şəkildə azaldacaq, həm də alıcıların əlavə xərclərinin qarşısını alacaq.






