Çinin tanınmış insanabənzər robot istehsalçısı “Unitree” şirkətinin səhmləri Şanxay birjasındakı debütündən sonra 45% ucuzlaşıb. “Reuters” agentliyinin məlumatına görə, bu kəskin eniş bazarda spekulyativ həddindən artıq qiymətləndirmə və fərdi investorlar üçün yaranan risklərlə bağlı ciddi suallar doğurub. İlkin kütləvi təklif (IPO) zamanı şirkətin səhmlərinə olan tələb təklifi 8 min dəfə üstələmişdi.
Listinq günündə “Unitree” səhmləri IPO qiymətindən 460% bahalaşaraq şirkətin bazar kapitallaşmasını 66 milyard ABŞ dollarına çatdırmışdı. Lakin üç gün davam edən enişdən sonra qiymətlər sabitləşsə də, ümumi itki 45% təşkil edib. Ekspertlər hesab edir ki, investorlar Çin hökumətinin texnoloji üstünlük uğrunda mübarizə çərçivəsində şirkətə göstərdiyi dəstəyə güvənərək bu addımı atmışdılar.
Bu enişin səbəbi nədir?
Pekində yerləşən “Lingtong Shengtai” idarəetmə şirkətinin sədri Dun Baoçjen bildirib ki, investorlar texnoloji inqilab vəd edən hekayələrə aldanıblar və bütün “köpüklər” gec-tez partlamağa məhkumdur. Analitiklər isə bu vəziyyəti Çin texnologiya sektorunun çiçəklənməsindən daha çox, bazarın zəifliyi kimi qiymətləndirirlər.
“China Southern Asset Management Co.”-nun fond meneceri Qao Sinkun qeyd edib ki, robototexnika sahəsinə böyük investisiyalar yatırılsa da, hələlik real kommersiya sifarişlərinin həcmi kifayət qədər deyil. Bu uyğunsuzluq investorların gələcəyə olan inamını sarsıdan əsas amillərdən biri kimi göstərilir.






