Oyun tərtibatçıları adətən sızıntılara şərh verməsələr də, "Ubisoft" şirkəti "Assassin’s Creed IV: Black Flag" remeyki ilə bağlı istisnaya yol verib. Hələ 2023-cü ilin yayında "Kotaku" nəşrinin mənbələri bu layihənin hazırlandığını bildirmişdi. Rəsmi təqdimat ərəfəsində "Assassin’s Creed Black Flag Resynced" adlanan yeni oyunun treylerindən, eləcə də qeympley və ara səhnələrindən ibarət kadrlar internetə sızdırılıb.
"X" sosial şəbəkəsində Two-Tec9 adlı istifadəçi sızdırılan qeympley kadrlarının çox xam göründüyünü qeyd edib. Buna cavab olaraq, seriyanın rəsmi mikrobioqu istifadəçini sakitləşdirməyə çalışıb. Şirkət nümayəndələri bildiriblər:
"Salam! Bunlar oyunun köhnə daxili versiyasından olan kadrlardır. Onların açıq girişə düşməsi məyusedicidir, lakin yaxşı xəbər də var: rəsmi təqdimata cəmi bir gün qalır."
Məlumata görə, "Assassin’s Creed Black Flag Resynced" heç bir əlavə və ya multiplayer rejimi olmadan, sırf süjet xəttinə əsaslanan macəra olacaq. Oyunda müasir dövr epizodları, missiya dizaynı və döyüş sistemi tamamilə yenidən işlənib. Layihənin rəsmi təqdimatı 23 aprel tarixində baş tutacaq. Tanınmış insayder Tom Henderson isə oyunun 9 iyul tarixində işıq üzü görəcəyini iddia edir.






