"Kalypso Media" nəşriyyatı və Almaniyanın "Gaming Minds Studios" inkişaf etdirici qrupu "Tropico 7" siyasi şəhərsalma strategiyasının ilk geympley treylerini nümayiş etdirib. Oyunçular əvvəlki hissələrdən tanış olan El Prezidente rolunu yenidən üzərinə götürərək, Tropiko ada dövlətinə rəhbərlik edəcək və onu müxtəlif yollarla inkişaf etdirməyə çalışacaqlar.
Təxminən 45 saniyə davam edən debüt videosu istifadəçilərə cənnət adasını idarə etməyin necə bir hiss olduğunu göstərir. Videoda canlanan küçələr, dağları yerindən oynadan prezident ambisiyaları və vətəndaşların sədaqəti nümayiş etdirilir. Yaradıcılar treylerin əsas şüarını belə ifadə ediblər:
"Kimsə tarixi öyrənir, kimsə isə onu yaradır"
Rəsmi mətbuat relizinə əsasən, hər bir bina və küçə xüsusi bir məqsədə xidmət edir. Yeni seriyada oyunçulara tarix boyu ən böyük adalar, kampaniya üçün 5, qum qutusu (sandbox) rejimi üçün isə 20 yeni xəritə təqdim olunacaq. Bundan əlavə, 10 fərqli ssenari, geniş siyasi imkanlar və tamamilə yeni terraformasiya sistemi vəd edilir.
"Tropico 7" oyununun 2026-cı ildə fərdi kompyuterlər ("Steam", "Epic Games Store", "Microsoft Store"), həmçinin "PS5", "Xbox Series X" və "S" konsollarında buraxılması planlaşdırılır. Layihə eyni zamanda "Game Pass" (Ultimate, PC) abunəliyinə də daxil ediləcək.






