"Kwalee" nəşriyyatının dəstəyi ilə "Galaxy Grove" studiyasının hazırladığı "Town to City" şəhərsalma simulyatorunun tam buraxılış tarixi açıqlanıb. Oyun 26 may tarixində erkən giriş mərhələsindən çıxacaq və bu münasibətlə xüsusi treyler təqdim edilib.
Müəlliflər tərəfindən rahat şəhərsalma simulyatoru kimi təqdim edilən bu oyunda istifadəçilər canlı bir qəsəbə yaradaraq onun fəaliyyətini öz istəklərinə uyğun planlaşdıra bilərlər. Layihənin əsas xüsusiyyəti ənənəvi tikinti şəbəkəsinin olmamasıdır. Bu isə o deməkdir ki, evləri, mağazaları və digər infrastruktur obyektlərini xəritə üzərində tamamilə sərbəst şəkildə yerləşdirmək mümkündür.
"Town to City" oyununun ilkin versiyası 2025-ci ilin sentyabrında işıq üzü görüb. Bu müddət ərzində idarəetmə sistemi və digər mexanikalar xeyli təkmilləşdirilib. Final versiyasında oyunçuları əlavə xəritə, şəhər sakinləri üçün yeni peşələr, yaxşılaşdırılmış animasiya dəsti və turistik marşrutların planlaşdırılması mexanikası gözləyir.
Erkən girişdə olduğu müddətdə oyun 5,3 mindən çox "son dərəcə müsbət" rəy toplayıb və "Valve" şirkətinin rəqəmsal mağazasında reytinqi 97% təşkil edir. İstifadəçilər xüsusilə rahatlaşdırıcı geympleyi, xoş musiqini və "sevimli voksel qrafikasını" yüksək qiymətləndirirlər. Oyunun qiyməti Rusiya "Steam" mağazasında 1100 rus rublu təşkil edir.






