"Sega" şirkətinə məxsus "Creative Assembly" studiyası Çində keçirilən "Bilibili World 2026" sərgisində uzun müddətdir gözlənilən "Total War: Warhammer 40,000" oyununun ilk geympleyini nümayiş etdirib. Altı dəqiqəlik videoçarxda İmperiya Qvardiyası ilə orklar arasında bir planetin paytaxtı uğrunda gedən gərgin döyüş əks olunub. Videoda oyunçuların düşməni çayı keçməyə məcbur etməsi və ardından orbital bombardman tətbiq etməsi kimi taktiki gedişlər nümayiş etdirilib.
Nümayiş olunan görüntülərdə ətraf mühitin dağıdılması, yeni sığınacaq sistemi və nəhəng "Stompa" döyüş qalası kimi unikal vahidlər diqqət çəkir. Lakin oyunun texniki performansı bəzi suallar doğurub. "PC Gamer" nəşrinin qeyd etdiyi kimi, xüsusilə intensiv döyüş səhnələrində kadr tezliyinin (FPS) aşağı düşməsi müşahidə olunub. Bu vəziyyət oyunçular arasında müzakirələrə səbəb olub və bəzi istifadəçilər oyunun kompüterlər üçün ciddi sınaq olacağını bildiriblər.
Oyun hansı platformalarda təqdim olunacaq?
Gələcəkdə oyunçular Kosmos Desantları, Orklar, Eldarlar və İmperiya Qvardiyası kimi əfsanəvi fraksiyalara rəhbərlik edərək planetləri fəth edə biləcəklər. Layihə PC (Steam), "PS5", "Xbox Series X" və "S" platformaları üçün hazırlanır. Tərtibatçılar geniş fərdiləşdirmə alətləri və miqyaslı taktiki döyüşlər vəd edirlər.






