Süni intellektin inkişafı ilə məlumatların saxlanılmasına olan tələbat kəskin artıb. Bu tendensiyanı nəzərə alan "Toshiba" şirkəti gələn maliyyə ilində sərt disklərin istehsal həcmini ikiqat artırmaq qərarına gəlib. Bu məqsədlə şirkət təxminən 380 milyon ABŞ dolları vəsait xərcləyəcək.
İstehsal gücü necə artırılacaq?
Yaponiyanın "Nikkei Asian Review" nəşrinin məlumatına görə, "Toshiba" hazırda dünya sərt disk bazarının təxminən 10%-nə nəzarət edir və bu payı gələcəkdə 30%-ə çatdırmağı hədəfləyir. İnvestisiya proqramı çərçivəsində 1 aprel 2027-ci il tarixindən etibarən şirkətin Filippindəki istehsal xətləri genişləndiriləcək. Bu, son beş ildə şirkətin həyata keçirdiyi ən böyük istehsalat yatırımı olacaq.
Gələcək hədəflər və texnoloji yeniliklər
Yeni istehsal xətləri ilə yanaşı, "Toshiba" tutumu 40% daha yüksək olan disklərin istehsalına başlayacaq. Şirkət 2030-cu ilə qədər 65 TB, daha sonra isə 100 TB tutumlu modelləri bazara çıxarmağı planlaşdırır. Filippin zavodunda tətbiq ediləcək avtomatlaşdırma prosesləri işçi qüvvəsinə olan tələbatı 40% azaldacaq və istehsalın səmərəliliyini artıracaq.
Sənayedə vəziyyət necədir?
IDC-nin proqnozlarına əsasən, 2030-cu ilə qədər dünyada yaranan məlumatların həcmi 718 zettabayta çatacaq və bu məlumatların 60%-i hələ də sərt disklərdə saxlanılacaq. Rəqib şirkətlər "Seagate Technology" və "Western Digital" də bu sahədə aktiv fəaliyyət göstərir. Xüsusilə "Western Digital" Yaponiyada yeni texnologiyaların inkişafı üçün 1 milyard ABŞ dolları sərmayə yatırmağı planlaşdırır.






