"TikTok" yaxın aylarda Böyük Britaniyada tətbiqin ödənişli və reklamsız versiyasını istifadəyə verməyə hazırlaşır. Yeni abunəlik modeli 18 yaşdan yuxarı istifadəçilər üçün əlçatan olacaq və aylıq 3,99 Böyük Britaniya funt sterlinqi (təxminən 5,40 ABŞ dolları) təşkil edəcək. Bu ödəniş müqabilində "TikTok" istifadəçilərin lentindən reklamları yığışdıracaq və onların məlumatlarından reklam məqsədləri üçün istifadə etməyəcəyinə söz verir.
Bu "ödə və ya razılaş" modeli, ehtimal ki, Böyük Britaniyanın Ümumi Məlumatların Qorunması Reqlamentinə (GDPR) və sosial media istifadəçilərinin açıq razılığı olmadan şəxsi məlumatların toplanmasını qadağan edən digər məxfilik qanunlarına cavab olaraq tətbiq edilir. Abunəlik könüllü xarakter daşıyır. Qeyd edək ki, "Meta" şirkəti də keçən il Böyük Britaniyadakı "Facebook" və "Instagram" istifadəçiləri üçün analoji yanaşmanı tətbiq etmişdi.
Şirkətdən bildirilib ki, yeni abunəliyə qoşulmayan istifadəçilər fərdiləşdirilmiş reklamları görməyə davam edəcəklər və platformanın əsas funksionallığı dəyişməz qalacaq. "TikTok"un Böyük Britaniya üzrə idarəedici direktoru Kris Boger qeyd edib:
"Platformamızdakı reklamlar artıq minlərlə Britaniya biznesinə yeni müştərilər tapmağa kömək edir. Yeni reklamsız seçimimiz isə insanlara öz təcrübələri üzərində daha çox nəzarət imkanı verir."
"TikTok" bu reklamsız təcrübəni hələ 2023-cü ildə sınaqdan keçirməyə başlamışdı. O vaxt sızdırılan ekran görüntüləri bəzi istifadəçilərə reklamları görməmək üçün ayda 4,99 ABŞ dolları ödəmək seçiminin təklif edildiyini göstərirdi. Bu isə funksiyanın gələcəkdə ABŞ və digər regionlarda da istifadəyə verilə biləcəyinə işarə edir.






