"Bloomberg"in məlumatına görə, Manhetten andlılar heyəti "Live Nation" və "Ticketmaster" şirkətlərini qeyri-qanuni inhisarçı kimi tanıyıb. Şirkət üç maddə üzrə təqsirli bilinib: canlı tədbirlər üçün bilet satışı bazarını inhisara almaq, amfiteatrları nəzarətdə saxlamaq və konsert təşkilatçılığı biznesini öz məkanlarından istifadə ilə əlaqələndirmək. Bir neçə günlük müzakirələrdən sonra çıxarılan bu qərar, əyləncə nəhənginin potensial olaraq parçalanmasına yol aça bilər.
"The New York Times" nəşrinin bildirdiyinə görə, hakim Arun Subramanian şirkətin ödəməli olduğu ümumi təzminat məbləğini müəyyənləşdirəcək. Andlılar heyəti "Ticketmaster"in hər bilet üçün istehlakçılardan əlavə 1,72 ABŞ dolları tələb etdiyini aşkar edib. Bununla belə, hakim parçalanmadan daha yüngül cəzalar da tətbiq edə bilər və istənilən qərardan apellyasiya şikayətinin veriləcəyi gözlənilir. Qeyd edək ki, şirkətin parçalanması Bayden administrasiyasının Ədliyyə Nazirliyi tərəfindən qaldırılan iddia ərizəsinin əsas məqsədi idi.
Təxminən altı həftə davam edən məhkəmə prosesində 40 ştatın baş prokurorundan 34-ü iddialarını davam etdirmək qərarına gəlib. Onlar federal hökumətin əldə etdiyi razılaşmadan daha geniş nəticələr əldə etməyə çalışırlar. Ədliyyə Nazirliyinin "Live Nation" ilə əldə etdiyi razılaşmaya əsasən, şirkət 13 amfiteatrda eksklüziv sifariş müqavilələrindən imtina etməli və bəzi "Ticketmaster" rüsumlarını məhdudlaşdırmalı idi. Xatırladaq ki, Tramp administrasiyası dövründə də bənzər məhkəmə prosesi cəmi bir həftə sonra razılaşma ilə başa çatmışdı.
Məhkəmə dinləmələrində "Live Nation" şirkətinin baş direktoru Michael Rapino, "Mumford & Sons" qrupunun üzvü Ben Lovett, müğənni Drake-in meneceri Adel Nur və "SeatGeek" kimi rəqib şirkətlərin nümayəndələri ifadə veriblər. Ştat rəsmiləri şirkəti bilet xidmətlərindən istifadə etməyən məkanları konsertləri ləğv etməklə hədələməkdə günahlandırıblar. İddiaya görə, "Live Nation" ABŞ-dakı açıq hava amfiteatrları üzərində o qədər böyük nəzarətə malikdir ki, sənətçilərin onlardan yan keçərək qastrol səfəri təşkil etməsi qeyri-mümkündür. Şirkət isə öz növbəsində üstün xidmət təklif etdiyini və bazarda rəqabət apardığını bildirib.






