“Thread Group” tərəfindən təqdim edilən “Thread Networks Diagnostics Tools” tətbiqi, “Thread” protokolu əsasında qurulmuş smart ev şəbəkələri üçün ilk rəsmi diaqnostika vasitəsidir. Artıq iOS üçün beta versiyası istifadəyə verilən tətbiq, bir müddətdir ki, Android platformasında sınaqdan keçirilir. Bu alət “Matter” standartı ilə işləyən cihazlarda yaranan qoşulma problemlərini həll etmək üçün mühüm addım hesab olunur.
Bu tətbiq hansı imkanları təqdim edir?
Tətbiq evdəki Wi-Fi şəbəkəsinə qoşulduqda, hansı cihazın hansı marşrutlaşdırıcıya (router) bağlı olduğunu və hansı qurğuların şəbəkəni genişləndirici (mesh extender) kimi fəaliyyət göstərdiyini vizuallaşdırır. İstifadəçilər cihazlar arasındakı siqnal gücünü yoxlaya və zəif bağlantı olan nöqtələri müəyyən edə bilərlər. Əldə edilən məlumatlar .json formatında ixrac edilərək istehsalçılarla və ya texniki dəstək mütəxəssisləri ilə paylaşıla bilər.
Gələcəkdə hansı yeniliklər gözlənilir?
Thread Group-un texnologiya üzrə vitse-prezidenti və “Google”-un proqram mühəndisi Jonathan Hui bildirib ki, tətbiq hazırda açıq mənbəli layihə kimi GitHub-da yerləşdirilib. Gələcək yeniləmələrlə tətbiqin müxtəlif şəbəkələri birləşdirmək və şəbəkə etimadnamələrini (credentials) daha rahat idarə etmək imkanı qazanması planlaşdırılır. Bu, xüsusilə bir neçə fərqli istehsalçının marşrutlaşdırıcısından istifadə edən istifadəçilər üçün bağlantı problemlərini əhəmiyyətli dərəcədə azaldacaq.






