Macarıstanın "Yigsoft" dəstək studiyasının proqramçısı Attila Mark Kiss-in CV-sində tapılan yeni məlumatlar, "The Witcher 3: Wild Hunt" üçün üçüncü əlavənin (DLC) hazırlanması ehtimallarını artırıb. Mütəxəssis öz profilində "REDengine" mühərrikindəki "Witcher" oyunları üçün qeympley sistemləri və interfeys elementləri üzərində çalışdığını qeyd edib. Məlumata görə, o, bu layihəyə 2026-cı ilin yanvar ayında başlayıb və hazırda da davam edir.
"Redanian Intelligence" nəşrinin diqqət çəkdiyi məqama görə, "CD Projekt Red" şirkəti "Cyberpunk 2077" üçün buraxılmış "Phantom Liberty" əlavəsindən sonra "REDengine" mühərrikindən imtina edib. Hazırda hazırlanan "The Witcher 4" və "Fool's Theory" tərəfindən yaradılan birinci hissənin remeyki "Unreal Engine 5" əsasında qurulur. Bu isə o deməkdir ki, proqramçının üzərində çalışdığı layihə məhz üçüncü hissəyə aid ola bilər.
Qeyd edək ki, "CD Projekt" şirkəti "Fool's Theory" ilə birlikdə hələ rəsmi olaraq elan edilməmiş gizli bir layihə üzərində də işləyir. Bir çox mənbələr bu layihənin məhz "The Witcher 3" üçün nəzərdə tutulan yeni DLC olduğunu iddia edir. Rəsmi anonsun 2026-cı ildə baş tutacağı gözlənilir. Daha əvvəl bu barədə rejissor Boris Niespielak, analitik Mateusz Chrzanowski və Polşanın "IGN" nəşri də məlumat vermişdi.






