Polşanın oyun nəhəngi "CD Projekt Red", məşhur "The Witcher 3: Wild Hunt" oyununun yenilənmiş versiyasını təbliğ etmək üçün 11 saniyəlik müqayisə videosu paylaşıb. Videoda baş qəhrəman Geralt-ın bataqlıqda düşmənlərlə mübarizəsi əks olunub. Lakin studiyanın qrafik üstünlükləri nümayiş etdirmək cəhdi, oyunsevərlərin kəskin tənqidi ilə nəticələnib.
İstifadəçilərin əksəriyyəti orijinal versiyanın atmosferinin və vizual effektlərinin yeni remasterdən daha üstün olduğunu vurğulayıb. Xüsusilə, "The Witcher 3: Wild Hunt - Remastered"-dəki su effektləri, dumanın yoxluğu və düşmənlərin dizaynı ilə bağlı narazılıqlar ön plana çıxıb. Freezevortex adlı istifadəçi sosial şəbəkədə "Ümid edirəm ki, kadrların yerini səhv salmısınız, çünki əvvəlki versiya daha yaxşı görünür" şərhini yazıb.
Qeyd edək ki, "CD Projekt Red" yeni versiyada təkmilləşdirilmiş döyüş sistemi, genişləndirilmiş foto rejimi və mod dəstəyi kimi bir sıra yeniliklər vəd edir. Studiya nümayəndələri remaster versiyanı oynadıqdan sonra orijinala qayıtmağın çətin olacağını bildirirlər. Oyun 29 sentyabr tarixində PC, PS5, Xbox Series X/S və Nintendo Switch 2 platformaları üçün orijinal sahiblərinə pulsuz yeniləmə kimi təqdim olunacaq.






