Açıq dünya janrında olan “The Crew Motorfest” yarış oyunu böyük bir uğura imza ataraq 10 milyonluq auditoriyaya çatıb. Bu barədə məlumatı oyunun tərtibatçısı olan “Ivory Tower” studiyası və naşir “Ubisoft” rəsmi sosial media hesabları vasitəsilə ictimaiyyətə çatdırıb. Oyun həm tənqidçilər, həm də istifadəçilər tərəfindən müsbət qarşılandığı üçün layihənin inkişafı sürətlə davam etdirilir.
Oyun üçün yeni məzmun strategiyası necə olacaq?
Müvəffəqiyyətdən ruhlanan tərtibatçılar gələcək planlarını açıqlayıblar. Gələn aydan etibarən “The Crew Motorfest” üçün 10-cu mövsüm başlayacaq və yeniləmələrin tezliyi artırılacaq. Əvvəllər hər biri dörd ay davam edən üç mövsüm təqdim olunurdusa, iyul ayından etibarən bu sistem dəyişərək ildə dörd mövsüm (hər biri üç ay) formatına keçəcək.
“Ivory Tower” nümayəndələri yeni məzmunun daha keyfiyyətli və məzmunca zəngin olacağını vəd edirlər. Yeniləmələr çərçivəsində oyun daxili tədbirlərin sayı artırılacaq və daha çox sponsor cəlb ediləcək. Xatırladaq ki, “The Crew Motorfest” ilk dəfə 14 sentyabr 2023-cü il tarixində PC, PS4, PS5, Xbox One və Xbox Series X/S platformaları üçün buraxılıb, 18 aprel 2024-cü il tarixində isə “Steam” platformasında istifadəyə verilib.






