Texas ştatının Baş prokuroru Ken Pakston bazar ertəsi günü "Netflix" şirkətinə qarşı rəsmi məhkəmə iddiası qaldırıb. İddiada yayım platforması reklamsız və uşaqlar üçün təhlükəsiz məkan olmaq vədindən geri çəkilməkdə günahlandırılır. Sənədə əsasən, şirkət vaxtilə tənqid etdiyi "Big Ad Tech" sənayesinə Texas sakinlərinin məlumatlarını yoxlamaq və istismar etmək imkanı yaradıb.
Ken Pakston iddia edir ki, "Netflix" öz platformasını "Big Tech" nəzarətindən xilas yolu kimi təqdim edərək abunəçi sayını süni şəkildə artırıb. Lakin arxa planda istifadəçiləri ekrana bağlayan avtomatik oxutma kimi asılılıq yaradan funksiyalar vasitəsilə gizli davranış izləmə proqramı qurulub. Baş prokurorun sözlərinə görə, şirkətin əsas məqsədi uşaqları və ailələri ekrana kilidləyərək onların məlumatlarını toplamaq və böyük gəlir əldə etməkdir. Qeyd edək ki, platformanın illik gəlirinin 2018-ci ildəki 15 milyard ABŞ dolları səviyyəsindən 2026-cı ildə təxminən 50 milyard ABŞ dolları həcminə çatacağı gözlənilir.
Mətbuat açıqlamasında "Netflix" platformasının istehlakçıları aldatdığı və milyardlarla dollar qazanmaq üçün şəxsi məlumatları qanunsuz istismar etdiyi vurğulanıb. Şirkəti Texasın Aldadıcı Ticarət Təcrübələri Aktını pozmaqda günahlandıran Ken Pakston, məhkəmədən istifadəçi məlumatlarının qanunsuz toplanmasının qarşısının alınmasını tələb edir. Həmçinin, uşaq profillərində avtomatik oxutma funksiyasının defolt olaraq söndürülməsi tələblər arasındadır.






