17 aprel gecəsindən etibarən Rusiyada "Telegram" messenceri qəfildən bəzi istifadəçilər üçün yenidən əlçatan olub. "Код Дурова" nəşrinin məlumatına görə, 16 aprel axşam saatlarından etibarən tətbiqin son versiyalarında (o cümlədən beta versiyalarda) mesajların göndərilməsi və medianın yüklənməsi proksi və ya VPN olmadan tam normal işləyir. Xidmətin düzgün çalışması üçün tətbiqi bir neçə dəfə yenidən başlatmaq tələb oluna bilər.
Məlum olub ki, bu dəyişiklik yalnız "Android" əməliyyat sistemli cihazlarda və Premium abunəçilərində müşahidə edilir. Tənzimləmələr bölməsində hətta VPN istifadə edilməsə belə, hesabın başqa bir ölkədən qoşulduğu göstərilir. Ekspertlər qeyd edirlər ki, eyni internet provayderindən istifadə edən "iPhone" sahiblərində messencer hələ də bloklanmış vəziyyətdədir. Bu isə o deməkdir ki, problemin həlli tənzimləyici qurumların qərarları ilə deyil, birbaşa tətbiqin özündəki texniki dəyişikliklərlə bağlıdır.
Mütəxəssislərin sözlərinə görə, "Cihazlar" bölməsində aktiv sessiyanın geolokasiyası qəfildən ABŞ olaraq dəyişir. Trafik analizi zamanı qeyri-tipik maskalanmış bağlantılar aşkar edilib. Bəzən sürətin düşməsi və medianın yüklənməməsi kimi problemlər yaşansa da, qısa müddət sonra hər şey öz normal axarına qayıdır. Xatırladaq ki, "Telegram"ın yaradıcısı Pavel Durov əvvəllər messencerin bloklanmasına münasibət bildirərkən, trafiki gizlətmək və bloklanmanı çətinləşdirmək üçün tətbiqin daim adaptasiya olunacağına söz vermişdi.






