"Telegram" messenceri beynəlxalq təşkilat olan ICANN-a yeni yuxarı səviyyəli domen olan .gram üçün rəsmi müraciət edib. Şirkətin təsisçisi Pavel Durov bildirib ki, bu yenilik istifadəçilərə öz adları əsasında fərdi domenlər əldə etmək və həmin ünvanlarda veb-saytlar yaratmaq imkanı verəcək. Bu addım messencerin sadə ünsiyyət vasitəsindən tamhüquqlu sosial şəbəkəyə çevrilməsi prosesinin növbəti mərhələsi kimi qiymətləndirilir.
Bu təşəbbüs nə üçün vacibdir?
"Android Authority" resursunun qeyd etdiyi kimi, müraciətin verilməsi ICANN-ın mütləq şəkildə .gram domenini təsdiqləyəcəyi mənasına gəlmir. Yeni yuxarı səviyyəli domen (TLD) qəbul edilməzdən əvvəl ciddi texniki və maliyyə qiymətləndirmələrindən, habelə etirazların nəzərdən keçirilməsi mərhələlərindən keçməlidir. Bununla belə, öz domen zonasına sahib olmaq "Telegram" üçün strateji əhəmiyyət daşıyır.
Ekspertlər hesab edir ki, bu qərar şirkətin t.me keçidlərində yaşadığı texniki problemlərlə bağlı ola bilər. İyul ayında .me zonasını idarə edən domen qeydiyyatçısının məhdudiyyətləri səbəbindən "Telegram" keçidləri bir günə yaxın müddətdə işləməmişdi. Öz domen zonasına sahib olmaq şirkətə dünya hökumətləri ilə tez-tez fikir ayrılıqları yaşayan bir platforma kimi daha çox müstəqillik və nəzarət imkanı verəcək.






