"Take-Two Interactive" şirkətinin baş direktoru Ştraus Zelnik "Bloomberg" nəşrinə verdiyi müsahibədə "Ghost Story Games" studiyası tərəfindən hazırlanan qeyri-xətti "Judas" şuterinin şirkətin maliyyələşdirmə strategiyasına necə uyğun gəldiyini açıqlayıb. Onun sözlərinə görə, videooyun sənayesində artan istehsal xərcləri yalnız irimiqyaslı blokbasterlər üçün özünü doğruldur və "Take-Two" bu cür layihələr xatirinə müvafiq risklərə getməyə hazırdır.
Eyni zamanda, Ştraus Zelnik hesab edir ki, şirkət bəzi franşizaların və oyun növlərinin hazırlanması, eləcə də marketinqi məsələsində daha ağıllı davranmalıdır, əks halda onlar sadəcə işıq üzü görməyəcək. Baş direktor əmin edib ki, "Take-Two" hər üç aydan bir hazırlanmaqda olan oyunlara müntəzəm baxış keçirir. Əgər layihədə irəliləyiş və inam yoxdursa, istehsal dərhal dayandırılır.
"BioShock" seriyasının yaradıcısı Ken Levin və komandası tərəfindən hazırlanan "Judas" oyunu artıq 12 ildən çoxdur ki, inkişaf mərhələsindədir. Layihə üzərində işlərə hələ 2014-cü ildə başlanılıb, ilkin istehsal mərhələsi beş il çəkib və rəsmi anons 2022-ci ildə baş tutsa da, hələ də dəqiq çıxış tarixi yoxdur. Prosesin uzanmasına baxmayaraq, oyunun ləğvi gündəmdə deyil. Şirkət rəhbəri bu barədə deyib:
"Biz Kenə qətiyyətlə inanırıq və onun baxışını dəstəkləyirik, buna görə də şadam. Düşünürəm ki, yekunda bu qərarımız özünü doğruldacaq və məntiqli olacaq".
Qeyd edək ki, "Judas" oyunu fərdi kompyuterlər ("Steam", "EGS"), həmçinin "PS5", "Xbox Series X" və "S" konsolları üçün yaradılır. Süjetə əsasən, oyunçular qəhrəmanın günahı ucbatından qəzaya uğrayan nəhəng "Mayflower" kosmik gəmisindən xilas olmalı olan İuda rolunda çıxış edəcəklər.






